“Azərbaycanda əldə etdiyim qızıl medalı Rusiyadakından üstün tuturam” – Ramil Şeydayev
Azərbaycan millisinin və “Krılya Sovetov” klubunun formasını geyinən Ramil Şeydayev Rusiya mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, “sovsport.ru”-ya danışan Ramil, Azərbaycan millisinin AÇ 2020-nin seçmə mərhələsində Xorvatiya və yolxama görüşündə Litva ilə qarşılaşdığı oyunları da dəyərləndirib:
- Dünya vitse-çempionlarına qarşı AÇ-2020-nin seçmə oyunu ilə bağlı hansı təəssüratlarınız var?
- Xorvatiyaya qarşı yaxşı oynadığımızı düşünürəm. Rəqibi əks-hücumlarda tuturduq. Yalnız ona təəssüflənirəm ki, heç-heçəni qoruya bilmədik. Ancaq istənilən halda, Zaqrebdəki matçımızı müsbət dəyərləndirmək olar. Açığı, oyundan əvvəl həyəcan var idi. Xorvatiyanın ulduzlardan ibarət komandası var. Tam qüvvəmizi ortaya qoymalı olduq. Litva ilə yoldaşlıq görüşünə isə yorğun çıxmışdıq. Bir neçə imkanı əldən verdik və heç-heçə etdik – 0:0.
- Əvvəllər Luka Modriçə simpatiya bəslədiyinizi etiraf edirdiz. Kumirinizə qarşı oynamaq necə idi?
- Əlbəttə, onunla eyni meydana çıxmaq xoş idi. O, ötən mövsümün yekununda “qızıl top”u təsadüfi almayıb. Böyük usta olduğu oyun zamanı dərhal hiss olunur. Belə rəqiblə qarşılaşdıqda özün idmançı kimi inkişaf edirsən. Bu, qiymətsiz təcrübədir. Yeri gəlmişkən, özüm “Real”a azarkeşlik edirəm. Ancaq Modriçə görə yox. O, “Tottenhem”də oynadığı vaxt həmişə “Arsenal”a simpatiyam olub.
- Komandanız üzərində ağır qələbədən sonra Xorvatiya millisi Macarıstana uduzdu. Azərbaycanın qrupdan çıxma şansları var?
- Mümkünsüz heç nə yoxdur. Baxın, seçmə mərhələlərdə nə qədər sensasiyalı, maraqlı oyunlar baş verir. Çox bərabər qrupumuz var – Macarıstan, Uels, Slovakiya… Amma biz ikinci yer uğrunda mübarizə aparmağa çalışacağıq.
- Azərbaycan millisinin baş məşqçisi xorvat Nikola Yurçeviçdir. O, milli üzvlərinə klublarına qayıdışlarından əvvəl nə dedi?
- Yaxşı oyuna görə təşəkkür etdi və xatırlatdı ki, iyunda bizi Macarıstan və Slovakiya ilə ev oyunları gözləyir. Bu qarşılaşmalar bizim üçün həlledici ola bilər. Maksimum xal toplamaq lazımdır.
- Rusiya Premyer Liqasında Azərbaycan yığmasını təmsil edən yeganə futbolçusuz. Bu çempionatda daha kim oynaya bilər?
- Çoxunu sadalaya bilərəm. Amma konkretləşdirməyəcəyəm. Çünki bunlar subyektiv fikirlərdir. Futbolçu bir komandaya uyğun gəlir, digərinə yox. Hər şey baş məşqçinin baxışından asılıdır. Azərbaycanlı futbolçuların ustalıq səviyyələri isə lazımi səviyyədədir.
- Azərbaycan millisində çıxış etməyə də bilərdiz. Sankt-Peterbuqrda futbola necə başladığınızdan danışın…
- Bütün ömrüm boyu Piterdə yaşamışam, “Zenit”in uşaq-yeniyetmə futbol məktəbində başladım, sonra əvəzedici komanda ilə müqavilə bağladım. Orada yarım il çıxış etdim və “Zenit-2”yə keçdim. Daha sonra əsas komandaya. “Zenit”də niyə möhkəmlənə bilmədim? Məşqçilər məndə potensial görmürdülər. Özümdə isə yəqin ki, dözüm çatmadı deyə, müqaviləm başa çatandan sonra getdim. Çox insan səhvən fikirləşir ki, əsas komandaya düşməyin özü böyük işdir. Əslində isə bu, yalnız başlanğıcdır. Ən çətini üzdə qalmaqdır. Məndə alınmadı və “Zenit”i tərk etdim. Eynilə mənim kimi fərqli illərdə Aleksey İonov və Maksim Kanunnikov getdilər.
- Sizə elə gəlmirmi ki, “Zenit” öz yetirmələrinə qarşı yetərincə ehtiyatlı davranmır?
- Klubun siyasətini mən formalaşdırmıram. Əvvəlki illərlə müqayisədə, “Zenit”də öz oyunçuları azdır. Lakin məndə heç bir inciklik qalmayıb. Uşaqlıqdan azarkeşlik etdiyim komandanı əvvəlki kimi sevirəm.
- Gələcəkdə “Zenit”ə qayıtmağa imtina etməzsiz?
- Ola bilər, bəli.
- “Zenit”dən sonra Türkiyə “Trabzonspor”una getdiz. Bu, necə alındı?
- Təklif gəldi, həmin vaxt cazibədar göründüyü üçün razılaşdım.
- Nəyə görə orada heyətə düşə bilmirdiz? “Trabzonspor”da demək olar ki, oynamadız, əsasən icarələrdə oldunuz…
- Demək çətindir. Hətta baş məşqçi ilə xüsusi söhbətim də olmadı. Tezliklə aydın oldu ki, onların mənə ciddi ehtiyacları yoxdur.
- “Jilina”da qazandığınız təcrübə işə yarayır?
- Əlbəttə. İcarə ilə bağlı başqa variantlar da var. Amma özüm Slovakiyanı seçdim. Yerli çempionatı avropalı skautlar izləyirlər. Oradan böyük kluba keçmək olar. “Jilina”da birgə oynadıqlarımın bir çoxu karyeralarında yüksəlişə nail oldular.
- Daha sonra “Qarabağ”a yollandız və Rusiya ilə Slovakiyadan sonra 3-cü dəfə ölkə çempionu olduz…
- Bəli, xoş məqamdır. Amma mənim üçün təkcə titul qazanmaq yox, oynamaq da önəmlidir. Ona görə də Slovakiya və Azərbaycanda əldə etdiyim qızıl medalı Rusiyadakından üstün tuturam. Həmin mövsüm “Zenit”in heyətində cəmi 5 oyun keçirmişdim. Çempionatda iştirakım şərti idi.
- “Zenit”də çıxış etdiyiniz vaxt davamlı olaraq Rusiyanın müxtəlif yaş qrupları üzrə yığma komandalarına dəvət alırdız. 17 yaşadək futbolçular arasında Avropa çempionu, U-19-la isə Avropanın vitse-çempionusuz. Nəyə görə Azərbaycanın əsas millisində çıxış etməyə üstünlük verdiz?
- Bu, düşünülmüş və çətin bir qərar idi. Bəli, bütün ömrümü Rusiyada keçirmişəm. Nüfuzlu turnirlərdə oynamaq istərdim. Amma Rusiyada davamlı beynəlxalq təcrübəmin olacağına zəmanət yox idi. Azərbaycanda isə mənə dərhal hiss etdirdilər ki, baş məşqçiyə lazımam. Azarkeşlər də məni isti qarşıladılar. Ona görə də müsbət və mənfiləri müqayisə etdikdən sonra razılaşdım. İndi buna görə təəssüflənmirəm. Son 3 ildə Almaniya, Çexiya, indi idə Xorvatiya kimi komandalara qarşı oynamışam. Bu, can atdığım şeydir.
- Mövsümün sonunda “Krılya Sovetov”da planlarınız nədir?
- Maksimumu etməyə çalışacağıq. 6-cı yerlə aramızda 5 xal fərq var. “Orenburq”la bir oyunumuz da ehtiyatdadır. Mövsümün sonunda avrokuboklar zonasında olmaq istəyirik. Niyə də olmasın?
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin