
“Şərait yaxşı deyil, zallar çox soyuq olur” – Müsahibə
Azərbaycanda problemli idman sahələrindən biri də taekvondodur.
Xüsusilə, Bakıdan kənar bölgələrdə bu idmanla məşğul olmaq istəyən gənclər müxtəlif problemlərlə üzləşir, şəraitsizlikdən əziyyət çəkir.
Yevlax rayonunda taekvondo məşqçisi işləyən Vüsal Heybətovla bu məsələlərlə bağlı söhbətləşdik. Müsahibimiz rayonda taekvondoya həvəsli və potensiallı gənclərin olduğunu, lakin şəraitin ürəkaçan olmadığını bildirir:
- Vüsal bəy, işləriniz necə gedir?
- Koronavirus pandemiyası ilə əlaqədar olaraq işlərimiz yaxşı getmirdi. Sonra isə zallarla bağlı problem yaşadıq. Yerli təhsil idarəsi məktəb zallarına icazə vermirdi, amma indi nazirlik səviyyəsində məsələ həll olunub və məşqlərə başlamışıq.
- Hansı yaş qrupu ilə çalışırsız?
- Əsasən, 6 yaşdan 17 yaşa qədər olan uşaqlarla. Kiçik və yeniyetmələrə daha çox üstünlük veririk ki, nəticələri yaxşı olsun.
- Təhsil idarəsi nə üçün problem yaradırdı?
- Vallah, səbəbini bilmirdik. Məktəb zallarında işləməyə icazə vermirdilər. Sonda məsələ həll edildi.
- Məşq keçməyə şərait necədir?
- Şərait yaxşı deyil, zallar çox soyuq olur, avadanlıqlar kifayət qədər yaxşı deyil. Buna baxmayaraq, uşaqlarda həvəs, ruh var.
- Şəraitinizlə maraqlanan yoxdur?
- Məşq keçdiyimiz məktəbin rəhbərliyi ilə danışmışıq. Razılaşmışıq ki, bizim məşqə qədər istilik sistemini açıq saxlasınlar.
- Özünüz taekvondoda hansı nailiyyətlərə imza atmısız?
- Azərbaycanda daxili yarışlarda iştirak etmişəm. Ölkə ikincisi və üçüncüsü olmuşam. Dünya taekvondo federasiyasının “qara kəmər” sahibiyəm.
- Beynəlxalq arenaya çıxmamısız?
- Xeyr, bəzi səbəblər var idi.
- Qarşınızdakı maneə nə idi?
- Ən böyük maneə o idi ki, biz rayon komandasının üzvləri idik. Bakı komandalarını məğlub etsək də, yarışlardan kənarda qalırdıq. Rayon komandalarına üstünlük verilmir, diqqət edilmirdi.
- Səbəb təkcə budur?
- Xeyr, çox uzun məsələlər var.
- Məşqçilik etməklə dolana bilirsiz?
- Mən və digər yoldaşlarım, eyni zamanda, qardaşım taekvondo üzrə məşqçilik edir. Bizi sıxmaqlarına baxmayaraq, rayonumuzun Avropa və dünya çempionatlarında medalı var. Biz çalışdırdığımız uşaqlardan bir qəpik də almırıq. Gənclər idman idarəsi aylıq məvacib verir. Düzdür, bu məvacib bizi qane etməsə də, çalışırıq. Uşaqları pulsuz hazırlayırıq ki, daha çox uşağı taekvondoya cəlb edə bilək.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin