Azərbaycan yığmasının Belarusla dördüncü sınağı
Bu gün Minskdə futbol üzrə Azərbaycan və Belarus yığmaları arasında yoxlama oyunu keçiriləcək.
Komanda.az xəbər verir ki, bu, millimizin sözügedən rəqiblə dördüncü görüşü olacaq.
Maraqlıdır ki, Belarus yığması ilə indiyə qədər rəsmi oyunlarda qarşılaşmamışıq. Əvvəlki üç oyun da yoxlama xarakterli olub.
İlk qarşılaşma 1996-cı ilin 27 mayında baş tutub. Molodeçnoda keçirilən həmin görüşdə qalib müəyyənləşməyib – 2:2.
Bu komandalar ikinci dəfə 2001-ci ilin 25 fevralında Bolqarıstanın Varne şəhərində qarşılaşıblar. Həmin oyunda millimiz 1:0 hesabıyla qalib gəlib.
Sonuncu dəfə isə millimiz 2018-ci ilin 23 martında Bakıda bu komandanı sınağa çəkib. 5500 azarkeşin canlı izlədiyi həmin görüşdə Belarus yığması 1:0 hesabıyla üstün olub. Qarşılaşmanın 42-ci dəqiqəsində Maksim Medvedevin vurduğu avtoqol yekun nəticəni müəyyənləşdirib. Hansı ki, təcrübəli futbolçu hazırda da yığmamızın əsas heyət oyunçularındandır. Üç il əvvəlki oyunda iştirak edənlər arasında Maksimlə yanaşı, Qara Qarayev, Namiq Ələsgərov, Emin Mahmudov yenə millimizin sıralarındadır. Hazırda gəncləşdirmə siyasəti aparılan Belarus yığmasında isə cəmi bir belə futbolçu var. Bakıda qarşılaşmada iştirak etmiş Maksim Volodko bu gün də yığmamıza qarşı oynaya bilər.
Qeyd edək ki, Minskdəki Milli Olimpiya Stadionunda keçiriləcək oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Qarşılaşma CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Bizi Facebook-da izləyin