Azərbaycan yığmasından tarixi nəticə!
ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi Azərbaycan yığma komandası üçün əlamətdar hadisələrlə yadda qalıb.
Komanda.az xəbər verir ki, 44 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda milli komandamızın 5 üzvü iştirak edərək böyük uğur qazandılar. 55 kq çəki dərəcəsində Ömər Cavadov, 67 kq çəki dərəcəsində isə Rüstəm Qasımov birdən qaldırma hərəkətində bürünc medal əldə ediblər.
102 kq çəki dərəcəsində Əli Şükürlü həm birdən, həm təkanla qaldırmada, həm də toplamda bürünc medalla fərqlənib. Sonda isə Rəhman Kazımov +102 kq çəki dərəcəsində təkanla qaldırma hərəkətində qızıl medal qazanıb.
Yarışı toplam 6 medal – 5 kiçik və bir bürünc medalla bitirən Azərbaycan yığma komandası ölkə ağır atletika tarixinə qızıl hərflərlə yazılan uğura imza atıb. Belə ki, bu dünya birinciliyində Azərbaycan millisi oğlanlar arasında komanda hesabında yüksək 5-ci yeri tutmağı bacarıb (medal hesabında isə yığmamız 10-cu pillədə qərarlaşıb). İndiyə qədər bu nəticəyə heç bir komandamız nail ola bilməmişdi.
Bizi Facebook-da izləyin