
Azərbaycan Özbəkistanla birgə dünya çempionatına ev sahibliyi edəcək
Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.
Komanda.az xəbər verir ki, bu gün FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
AFFA Yüksək inam və etimada görə FIFA İcraiyyə Komitəsinin üzvlərinə, xüsusən də, qurumun prezidenti Canni İnfantinoya minnətdarlığını bildirib.
1977-ci ildən etibarən iki ildən bir təşkil edilən U-20-lərin dünya çempionatının 25-cisinə Azərbaycan və Özbəkistan ev sahibliyi edəcəklər. Bununla, futbol tarixində ilk dəfə kişilərin yarışında mundial Azərbaycanda keçiriləcək. Həmçinin, ilk dəfə Azərbaycanın kişilərdən ibarət milli komandası dünya çempionatının final mərhələsində iştirak edəcək.
İndiyə qədər Argentina 6, Braziliya 5 dəfə dünya çempionu olub. Portuqaliya və Serbiya hərəyə 2 dəfə mundialın qalibi olublarsa, Uruqvay, Qana, İspaniya, Rusiya, Almaniya, İngiltərə, Fransa və Ukrayna hərəyə 1 dəfə kuboku qazanıblar.
Avropanın top-klubları kifayət qədər böyük nüfuza malik olan U-20-lərin dünya çempionatlarından saysız-hesabsız istedadlı futbolçular kəşf ediblər.
Hazırda Çilidə keçirilən 24-cü dünya çempionatında 24 komanda 6 qrupda mübarizə aparır. 2023-cü ildə Argentinada təşkil edilən son turnirin qalibi isə Uruqvay yığması olub.
Bizi Facebook-da izləyin


