
“Şəhriyar Məmmədyarov dünyada qalib gəlməkdən zövq almadığım nadir rəqiblərdən biridir”
Azərbaycan şahmatçısı Teymur Rəcəbov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsinin 8-ci turunda Şəhriyar Məmmədyarova qalib gəldiyi görüş barədə fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Rəcəbov, həmyerlisini məğlub etməkdən zövq almadığını deyib:
“Şəhriyarla görüşlərdə məğlubiyyət də təbiidir. Çünki bu, zaman-zaman baş verir. Amma biz eyni ölkədənik, ümumiyyətlə, çox yaxın dostuq.
Biz öz aramızdakı qələbələri qeyd etmirik. Onunla dünya kuboku və bir çox turnirlərdə üz-üzə gəlmişik. Amma elə yarışlar var ki, orda mütləq qalib bilinməlidir. Şəhriyar dünyada qalib gəlməkdən zövq almadığım nadir rəqiblərdən biridir”.
Teymur Rəcəbov Çempionlar Turunun ilk mövsümünü 2-ci sırada bitirib, Şəhriyar Məmmədyarov isə 10-cu olub.
Bizi Facebook-da izləyin