“Bu, Azərbaycan idmanının ən pik uğur səhifəsidir” – Müsahibə
Azərbaycan Şahmat Federasiyasının (AŞF) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov müsahibə verib.
Komanda.az xəbər verir ki, Məmmədov, Teymur Rəcəbovun dünya kubokunun qalibi olması haqda danışıb:
- Teymur Rəcəbovun Dünya Kubokundakı qələbəsini necə dəyərləndirirsiz?
- Bu, Azərbaycan idmanının ən pik uğur səhifəsidir. Deyərdim ki, Rusiyanın Xantı-Mansiysk şəhərində Azərbaycan şahmatının ən parlaq səhifəsi yazıldı. Teymur Rəcəbov Dünya Kubokunun iştirakçıları arasında ən güclüsü olduğunu sübut etdi. Rəcəbov bunu bütün mərhələlərdə nümayiş etdirdi. Daha əvvəl 3 dəfə komandalar arasında Avropa çempionu olmuşuq, hazırda qitə çempionu ranqındayıq. Şəhriyar Məmmədyarov rapid üzrə dünya çempionu olub. Rəcəbovun nailiyyəti isə ən pik nöqtədir. Təsadüfi deyil ki, möhtərəm cənab prezidentimiz bu hadisəyə dərhal reaksiya verdi. Artıq dünən axşam prezidentin səhifəsində Teymur Rəcəbova təbrik məktubu dərc olundu. Mən Teymurun yanında idim. Deyərdim ki, bu təbrik ona çox böyük sevinc hissləri bəxş etdi. Şahmatçılar adından prezidentimizə dərin minnətdarıq ki, o, şahmatı belə izləyir, diqqət və qayğı göstərir. Eyni zamanda birinci vitse-prezident Mehriban xanım Əliyeva da Teymur Rəcəbovu təbrik etdi. Bir sözlə, ötən gün axşamın ən unudulmaz dəqiqələri Rəcəbovun bu təbrikləri oxumağı, görməyi və sevinməyi oldu.
- AŞF və FIDE rəsmisi kimi Dünya Kuboku barədə təəssüratlarınız necədir?
- Dünya Kubokuna təşkilatçılar tərəfindən FIDE rəsmisi kimi dəvət olunmuşdum. Xantı-Mansiysk şəhərinə böyük məmnuniyyətlə getdim. Artıq həmin vaxt Teymur Rəcəbov finalda oynayırdı. Çinli Dinq Lirenə qarşı keçirildiyindən, həlledici qarşılaşmanın çox gərgin alınacağı gözlənilirdi. Liren ən az uduzan şahmatçılardandır. İl ərzində bir neçə partiyada məğlub olduğu halda, 90-dək partiyada yenilmir. Xüsusi qeyd etməliyəm ki, Sent-Luisdəki son “Grand Chess Tour” yarışları çərçivəsində o, finalda hazırkı norveçli dünya çempionu Maqnus Karlsenə qalib gəlmişdi. Çinli şahmatçı Dünya Kubokunda ikinci dəfə finala yüksəlmişdi. Hiss olunurdu ki, kuboku qazanmağı hədəfləyib. Bir sözlə, Rəcəbov dünyanın üçüncü şahmatçısı və ən güclülərdən birinə qarşı çıxış edirdi. Ona görə də final matçının çox maraqlı və gərgin, Teymur üçün ağır keçəcəyi gözlənilirdi. Belə də oldu.
- Amma bunadək Rəcəbov 6 rəqibini, o cümlədən, Şəhriyar Məmmədyarovu üstələmişdi…
- Rəcəbovun qələbəyə gedən yolu da çox maraqlı alındı. Tarixdə ilk dəfə Azərbaycanın iki lider şahmatçısı dünya kubokunda üz-üzə gəldi. O görüşü Teymur Rəcəbov da, Şəhriyar Məmmədyarov da uda bilərdi. Bərabər səviyyəli, dost, amma rəqib şahmatçıların matçı oldu. 1/4 finalda Teymur son illərin çox sürətlə yüksələn şahmatçısı, əvvəlki mərhələlərdə rusiyalı Sergey Karyakin və polşalı Yan-Kşiştof Dudanı üstələmiş ABŞ təmsilçisi Ceffri Şonqu yenmək asan deyildi. Hətta bəzi məqamlarda bizdə həyəcan da var idi. Yarımfinal görüşü fransalı Maksim Vaşye-Laqravla oldu. O da dünyanın lider şahmatçılarından biridir, son illər çox sabit çıxış edir. Lakin Teymur ikinci klassik partiyanı çox gözəl üslubda uddu. Əla gedişlərlə rəqibinə faktiki debütdən çıxmaq imkanı vermədi. Nəticədə o, özü üçün əlavə istirahət günü qazanaraq, finala hazırlaşmağa başladı.
- Dünya kubokunun final qarşılaşmasında hansı partiyanı xüsusi qeyd edərdiz?
- Finalın ikinci partiyasını Liren çox güclü keçirmişdi. Rəcəbovun o partiyada heç bir şansı yox idi. Üçüncü partiyanı isə hər kəs şedevr, ilin ən yaxşı görüşlərindən biri sayır. Teymur tamamilə az material və qüvvə ilə bərabərliyə oxşar vəziyyətdə Anatoli Karpovun ən yaxşı illərdə göstərdiyi oyun üslubunda rəqibini get-gedə sıxa-sıxa məğlub olmağa vadar etdi. Bununla da ümumi hesab bərabərləşdi. İlk və son partiyalar heç-heçə ilə bitdiyi üçün qarşılaşma “tay-breyk”ə keçdi. Bu zaman həyəcanımız daha da artdı. Çünki Liren vaxta nəzarətlə keçirilən blits və rapidləri çox gözəl oynayır. Karlsen üzərində də çox gözəl qələbəni blitsdə qazanmışdı. Ona görə də necə olacağını həyəcanla izləyirdik.
- Rəcəbovun əvvəlki turnirlərdə görüşlərini izləyərkən, onun gedişlər üzərində çox fikirləşdiyini müşahidə etmişdik. Bu mənada dünya kubokunun taleyi vaxta nəzarət prinsipi ilə keçirilən “tay-breyk”ə uzandıqda onun səhvə yol verərək, oyunu əldən verəcəyindən ehtiyatlanmırdız?
- Ümumiyyətlə, Teymur seytnota düşən şahmatçı sayılır. Lakin Dünya Kubokunda dünənki “tay-breyk”lərədək o, öz vaxtını çox düzgün və qənaətlə sərf edirdi. Hamı Rəcəbovun bir qayda olaraq, seytnota düşməməsinə təəccüblənirdi. Lakin bildiyim qədərilə Liren finala nəzəri anlamda həddən artıq hazırlıqlı idi. Onun gənc – cəmi 26 yaşında olması da müsbət tərəfi idi. Blits və rapiddə də çox gözəl mübarizə apardığını da bilirdik. Teymurun rəqibindən hətta 11 dəqiqəyədək geri qaldığı oyunlar olub. Lakin o, sonradan oyunu ilə vəziyyəti bərabərləşdirir və əks-hücuma keçirdi. Yəni, çox maraqlı mübarizə taktikası var idi və nəticə uğurlu alınırdı. Ümumiyyətlə, Teymur son vaxtlar yalnız FIDE-nin rəsmi yarışlarında çıxış edir, kommersiya yönümlü turnirlərə ümumiyyətlə qatılmırdı. Lakin Dünya Kubokuna çox gözəl hazırlaşdı. Baxmayaraq ki, özü şahmatla az məşğul olduğunu və Dünya Kubokunda qalibiyyəti hədəfləmədiyini bildirirdi. Əlbəttə, onun az və ya çox məşğul olması nisbi anlayışdır. Müqayisə üçün deyim ki, 2011 – 2013-cü illərdə İddiaçılar Turnirlərinə gündə 11-12 saat hazırlaşırdı. Az deyəndə nəyi nəzərdə tutur, özünüz təsəvvür edin (Report).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin