Azərbaycan Premyer Liqası 14 aprelə qədər bərpa olunmayacaq – rəsmi

Dünyada geniş yayılmış koronavirus pandemiyasına görə demək olar ki, bütün turnirlər ya təxirə salınıb, ya da ləğv olunub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, bu pandemiyanın Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli addımlar atılır. Bu qəbildən olan addımlardan biri 14 mart-14 aprel tarixlərində ölkə ərazisində tətbiq olunan xüsusi rejimdir.

Bununla əlaqədar olaraq, Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub. PFL Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutaraq Azərbaycan 1-ci divizionu və Azərbaycan Premyer Liqasının 14 aprel tarixinə qədər bərpa olunmayacağını açıqlayıb.

14 aprel tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, Peşəkar Futbol Liqası klubların baş məşqçiləri ilə görüş keçirib, ümumi vəziyyəti müzakirə edəcək və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacaq.

UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq, yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib. PFL hesab edirik ki, bu tarix Azərbaycan Premyer Liqası və 1-ci divizionun bərpası və başa çatdırılması üçün uyğundur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button