“34 yaşımda yenidən Azərbaycan millisindən dəvət aldım və bu dəfə fürsəti qaçırmadım” – Müsahibə
Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliya Gürcüstan mətbuatına müsahibə verib.
Komanda.az “apsny.ge” saytına istinadən xəbər verir ki, futbolçu kimi “Kəpəz” və “Şəmkir”, məşqçi kimi “Standard”, “Qəbələ”, “Turan” və “Kəpəz”də çalışmış 55 yaşlı keçmiş hücumçu müsahibəsində Azərbaycanla bağlı xatirələrindən də danışıb:
- Karyeranız ərzində Azərbaycan klublarında oynamısız, çempion və ölkə kubokunun qalibi olmusuz. Bununla yanaşı, Azərbaycan milli komandasının da formasını geyinmisiz. Oraya necə getdiz?
- 1997/98 mövsümünü “Kəpəz”də keçirdim, 22 oyunda 20 qol vurdum, Azərbaycan çempionatının bombardiri və ölkə çempionu oldum. Həmin mövsüm “Kəpəz” ölkə kubokunu qazandı, finalda bir qol vurdum. Sonra beş mövsüm “Şəmkir”də çıxış etdim – iki dəfə Azərbaycan çempionu, bir dəfə kubokun finalçısı, bir dəfə çempionatın bombardiri oldum. “Şəmkir”in heyətində 110 oyunda 51 dəfə fərqləndim. Azərbaycan çempionatlarında üç dəfə het-trik etdim, Çempionlar Liqasının seçmə mərhələsinin “Skonto” ilə matçında 3 qol vurdum.
- Və Azərbaycan milli komandasına dəvət aldız. Ondan əvvəl Gürcüstan yığmasına çağırılmamışdız?
- Bir vaxtlar (1980-ci illərdə) Gürcüstanın gənclərdən ibarət millisində oynamaq şansım var idi, bununla fəxr edirəm. Ölkənin milli komandasına gəldikdə, 1990-cı illərdə orada elə güclü bir rəqabət var idi ki, məndən güclü oyunçuların olduğu Gürcüstan yığmasına dəvət almağa ümid etmirdim. 1998-ci ildə Azərbaycan millisində oynamaq təklifi aldım, amma 33 yaşımda yığmada oynamağın gec olduğunu düşündüyüm üçün çəkindim. 1999-cu ilin sonunda – 34 yaşımda yenidən Azərbaycan millisindən dəvət aldım və bu dəfə fürsəti qaçırmadım. Millidə 3 oyun keçirdim. Bunlar DÇ-2006-nın seçmə mərhələsində İsveç və Makedoniya ilə, həmçinin Gürcüstanla yoldaşlıq görüşü idi. Daha iki görüşdə ehtiyatda oldum. Karyeramın sonunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Dubay İdman Klubu”ndan təklif gəldi. Amma mənim üçün çox əlverişli şərtlərlə “Şəmkir”də qaldım. Dubaya getməyimə icazə verilmədi. Bunlar futbolda olur. Karyeramı 39 yaşıma qədər “Şəmkir”də davam etdirdim.
- Sonra Gürcüstana qayıtdız və məşqçi olduz…
- Tbilisiyə tez-tez gəlirdim, çünki Şəmkirdən Gürcüstanın paytaxtına 180 km məsafə var idi. 1996-cı ildə, Azərbaycana köçməzdən bir il əvvəl ailə həyatı qurdum. Həyat yoldaşım Maka Lukava futbolu sevir və uşaqlarımızın futbola maraq göstərməsində mühüm rol oynadı. Böyük oğlum Nika 23 yaşındadır, Gürcüstanda uşaq və gənclər klublarında oynayırdı. Lakin sağlamlıq səbəbindən 19 yaşında futboldan getdi. Futbol karyeramı bitirdikdən sonra Tbilisiyə qayıtdım. Futbol olmadan yaşaya bilməzdim. Lisenziya alaraq məşqçi oldum. 2005-2007-ci illərdə “Sioni”də baş məşqçisi Kaxa Tsxadadzenin köməkçisi oldum. Sonra bir müddət Bakıda “Standard”da eyni vəzifəni icra etdim. 2012-ci ildə “Qəbələ”də Ramiz Məmmədovun köməkçisi oldum. Həmçinin “Martvili”, “Turan” və “Şəmkir”, “Samtrediya” və “Rustavi”də baş məşqçi işlədim. 2019-cu ilin yazında ürəyimdən əməliyyət olunduğum və övladlarım böyüdüyü üçün məşqçilikdən ayrıldım.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin