Azərbaycan millisinin qapıçısı azarkeşlərə səsləndi
Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov federasiyanın mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, qapıçı DÇ-2024-ün elit mərhələsinin 2-ci turunda Niderland üzərində qazanılan 6:1 hesablı qələbəni dəyərləndirib:
“Komanda olaraq əla oynadıq. Öz oyunumuzu göstərəndə qarşımızda dayanmaq çətin olur. Kimisə fərdi qaydada seçmək, fərqləndirmək istəməzdim. Müdafiədə kompakt oynamaq, səhvə yol verməmək əsas özəlliyimizdir. Onsuz da oyun ərzində qol epizodu yaradırsan. Qalır həmin anda düzgün mövqe seçmək, epizodu reallaşdırmaq. Oyun həm də ölkəmiz üçün əhəmiyyətli günlərdə baş tutdu. Azərbaycan ordusu 24 saat ərzində antiterror əməliyyatını uğurla başa vurdu və separatçıları tərkisilah olmağa məcbur etdi. Təbii ki, bu xəbər bizə psixoloji cəhətdən müsbət təsir etməyə bilməzdi. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi hər zaman ehtiramla anırıq.
Hazırda turnir cədvəlində komandalar bir-birilərinə yaxın pillələrdə yer alıblar. Qazaxıstan 6 xalla liderdir, Rumıniya və millimizin 3 xalı var. Top fərqinə görə üstün olsaq da, aramızdakı matçın nəticəsi Rumıniyaya 2-ci pillədə qərarlaşmaq imkanı verir. Halbuki birinci oyunda da üstünlük tərəfimizdə idi, qol epizodlarımız daha çox oldu, sadəcə, reallaşdıra bilmədik. İdman xoşbəxtliyi tərəfimizdə olmadı.
Oktyabrın 6-da əsas rəqibimiz olan Qazaxıstanla qarşılaşacağıq. Bu görüşdə xal itirməsək, liderlik uğrunda mübarizə üçün şansımız çoxalacaq. Ona görə də azarkeşlərimizə səslənirəm, gəlin, tribunaları doldurun, komandamızı sona qədər dəstəkləyin. Onların tribunada yer alması bizə əlavə stimul verir”.
Sarı vərəqə aldığım epizodda top qapı xəttini keçməmişdi. Dəqiq görmüşdüm, çünki hər şey gözümün qabağında baş verdi. Sadəcə, həmin anda səbirli olmaq lazımdır, mən də emosiyalarımı cilovlaya bilmədim. Oyun zamanı belə hallar olur. Futzala rəng qatan məqamlardır. Ümid edirəm ki, Qazaxıstanla oyun bizim üçün uğurla başa çatar. Növbəti həftə ölkə çempionatı da start götürəcək. Komandalara uğurlar arzulayıram”.
Azərbaycan – Qazaxıstan qarşılaşması oktyabrın 6-da Bakı İdman Sarayında baş tutacaq.
Bizi Facebook-da izləyin