Azərbaycan millisinin daha bir üzvü karantindən evə buraxıldı

Azərbaycan millisinin voleybolçusu Marqarita Əzizova karantindən evə buraxılıb.

Komanda.az xəbər verir ki, 2019/20 mövsümündə Polşanın “Radomka” klubunda çıxış etmiş və Bakıya qayıdarkən koronavirus səbəbindən təcrid olunan voleybolçunun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

Artıq evinə dönən 27 yaşlı hücumçu Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə hər şeyin qaydasında olduğunu və hansısa problemin olmadığını deyib: “Artıq Bakıda evimdəyəm. Paytaxta qayıtdıqda bilirdik ki, Heydər Əliyev Hava Limanına çatan kimi bizdən analiz götürəcəklər və hazırki duruma uyğun olaraq karantinə alınacağıq. Buna baxmayaraq, Bakıya gəlməyə qərar verdik və bu gün vətənimizdə olduğum üçün çox sevinirəm. Uçuşların dayandırıldığı bir ərəfədə Azərbaycana dönməyimdə köməklik edən Polşadakı səfirliyimizə və Azərbaycan Voleybol Federasiyasına öz təşəkkürümü bildirirəm. Karantində olduğum günlərdə də hər an federasiyanın dəstəyini hiss etdim və həmişə mənə kömək oldular. Karantin zamanı bizə qulluq edən həkimlərə və digər işçilərə minnətdarlığımı çatdırıram. Orda bizim üçün lazımı şərait yaratmışdılar. Bir idmançı kimi, otaq şəraitində olsa da, fərdi məşqlə məşğul olmağa çalışırdım”.

Əzizova xalqımızı Azərbaycan hökumətinin verdiyi qərarlara hörmətlə yanaşmağa səsləyib. O bildirib ki, bu gün evdə qalmaqla bu bəladan daha tez xilas olmaq mümkündür: “Ölkəmizdə karantin davam edir. Mən də bir vətəndaş kimi bütün qaydalara riayət edirəm və xalqımı evdə qalmağa, lazımi şərtlərə əməl etməyə çağırıram. İnanıram ki, bütün bunlar tezliklə sona çatacaq və biz bu virusa birlikdə qalib gələ biləcəyik”.

Qeyd edək ki, Əzizovadan öncə millimizin digər oyunçusu Yuliya Kərimova da karantindən evə buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button