Azərbaycan millisində müvəqqəti baş məşqçi

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) inzibati binasında qurumun prezident əvəzi Namiq Əliyevin rəhbərliyi altında geniş tərkibdə iclas keçirilib.

Komanda.az xəbər verir ki, tədbirdə AGF rəhbərliyi ilə yanaşı, güləş yığmalarımızın məşqçiləri iştirak edib. Federasiyanın başçısı sərbəst güləş üzrə millimizdə böyük məşqçi Zəlimxan Hüseynovun bundan sonra baş məşqçi əvəzi kimi fəaliyyət göstərməsinə qərar verildiyini açıqlayıb. Arif Abdullayevlə yanaşı, daha bir köməkçi-məşqçinin əsas komandada çalışması məqsədəuyğun sayılıb.

Namiq Əliyev iclasda əsas hədəfin Tokio-2020 olduğunu bildirib:

“Təəssüf ki, Nur-Sultanda keçirilən dünya çempionatında cəmi 2 lisenziya qazandıq. Biz daha yaxşı nəticə gözləyirdik. Mümkün qədər çalışmalıyıq ki, martda Macarıstanda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirində əksər lisenziyaları əldə edək. Hədəf heç də maksimum sayda vəsiqə qazanmaq deyil. Bizim üçün perspektiv vəd edən çəkilərdə Olimpiadada təmsil olunmalıyıq. Enerjimizi bu istiqamətdə xərcləməliyik. Hamı üzərinə düşən məsuliyyəti dərk etməlidir.

Bildiyiniz kimi, yunan-Roma güləşi üzrə yığmada baş məşqçi məsələsini həll etdik. Artıq komanda yeni çalışdırıcının rəhbərliyi altında plana uyğun hazırlıq keçir. Burada işlər qaydasında gedir. Sərbəst güləş yığmamız baş məşqçisiz idi. Belə qərara gəldik ki, bundan sonra Zəlimxan Hüseynov baş məşqçi əvəzi kimi çalışsın. Arif Abdullayev də əsas komandada işinə davam edəcək. Eyni zamanda, daha bir məşqçini bu milliyə təyin edəcəyik.

Bütün komandalarda nizam-intizama ciddi riayət edilməlidir. Federasiya olaraq, komandalarımız üçün əlimizdən gələn dəstəyi verəcəyik. Təlim-məşq toplanışları, vitamin təminatı və sair məsələlərlə bağlı problem olmayacaq. Bütün səyimizi ortaya qoyub, yumruq kimi bir hədəfə vurmalıyıq. Tokio Olimpiadasından qızıl medalla qayıtmalıyıq. Rio-2016-dan zəif çıxış etməyə haqqımız yoxdur.

Dekabrda keçiriləcək Azərbaycan çempionatı heyətin müəyyənləşdirilməsi üçün olduqca vacibdir. Vaxtımız çox azdır. İnşallah, yaxşı hazırlıq keçib, əksər lisenziyaları əldə edərik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button