Azərbaycan millisi AÇ-dən kənarlaşdırıldı, nəticələri ləğv olundu
Sambo üzrə Azərbaycan yığması Kiprin Limasol şəhərində keçirilən Avropa çempionatından kənarlaşdırılıb.
Komanda.az xəbər verir ki, milli komandamızın AÇ-dəki bütün nəticələri də ləğv edilib.
Buna 71 kiloqram çəkidə mübarizə aparan Emil Həsənov səbəb olub. Belə ki, Rusiya təmsilçisi Maqomed Hacıyevlə üz-üzə gələn Emil qələbəni rəqibə verən hakimlərlə razılaşmayaraq onlara etirazını bildirib və görüşü başa vurmaqdan imtina edib. Nəticədə yarışda 40 dəqiqəlik fasilə yaranıb.
Yekunda qızıl medal rusiyalı Hacıyevdə qalıb. Bir qədər sonra isə Avropa Sambo Federasiyası (ASF) həmin görüş zamanı Azərbaycanı təmsil edən nümayəndələrin də etirazını nəzərə alaraq yığmamızı yarışdan uzaqlaşdırıb.
ASF-in prezidenti Sergey Yeliseyev baş verənlərə belə münasibət bildirib: “Bu gün Avropa Sambo Federasiyası Azərbaycanın diskvalifikasiya edilməsiylə bağlı qərar verib. 71 kiloqram çəkidə mübarizə aparan azərbaycanlı iştirakçı qırmızı formada olan rusiyalı rəqibinin ağrıdıcı fəndindən sonra qışqıraraq təslim olub. Hakim bunu eşitdiyi üçün qələbəni rusiyalı samboçuya verib. Lakin qarşı tərəf komanda şəklində xalça üzərinə qaçaraq rusiyalının qələbəsinə etiraz edib. Belə davranış təbii ki, yolverilməzdir. Artıq Azərbaycan Sambo federasiyasının prezidentinə də vəziyyət barədə məlumat verilib. Komandanın sonrakı taleyi ASF-in İcraiyyə Komitəsində və Beynəlxalq Cüdo Federasiyasında yenidən müzakirə olunacaq”.
Bizi Facebook-da izləyin