“Həmin oyundan sonra ermənilər mənə qarşı təxribat etmək istəyirdilər” – Müsahibə
Azərbaycan milli komandasının sabiq futbolçusu, Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının sədri Nazim Süleymanovun Komanda.az saytına müsahibəsi:
- Nazim bəy, cəbhədə baş verən hadisələrlə bağlı fikirlərinizi bilmək istərdim.
- Hazırda hamımızın fikri cəbhədədir. Hər zaman qələbə gözləyirik, ordumuzun yanındayıq. Düzdür, itkilərimiz olsa da, bu müharibədir, müharibə şəraitində yaşayırıq.
- Azərbaycan torpaqları ermənilər tərəfindən işğal olunan zaman Rusiyanın “Alaniya” klubunda çıxış edirdiz. O vaxtları necə xatırlayırsız?
- Bir futbolçu kimi xatirələrimdən danışarkən 1988-ci ildən başlamaq istəyərdim. Bu hadisələr o zamandan başlayıb. Biz 1988-ci ildə “Neftçi” ilə Yüksək Liqada idik, 1989-cu ildə də birinci dəstəyə düşdük. Biz harasa gedəndə o vaxtlar mehmanxanalarda qalırdıq. Proqramımız hava limanı, mehmanxana, stadion idi. Mən burada olanda imkan olan kimi rus və yerli qəzetlər alırdım. Reys olsa, şəhərdə gəzərdik, olmasa da yox. Buna görə də, yerli qəzetləri özümlə aparardım. Mehmanxanada olanda qəzetləri paylayardım, deyərdim buyurun, oxuyun. Düzdür, o vaxt azərbaycanlıları az tanıyardılar. Çalışırdıq ki, bizi tanısınlar, SSRİ dövründən “Qarabağ” komandası var idi və ikinci dəstədə oynayırdı. Bu klub Azərbaycanı təmsil edirdi, SSRİ çempionatının 9-cu zonasında Azərbaycandan oynayırdı. Qarabağ bizim torpağımız olub, orda başqa millətin yaşamağa nə hüququ var, nə də buna haqqı.
- O vaxtlar indiki şərait yox idi. İnsanlara həqiqətləri izah etmək çətin olmurdu?
- Düzdür, həmin vaxt indiki şərait yox idi. Mən də qəzetlərdən istifadə edə bilirdim. Əlimizdən gələn bu idi. 1992-93-cü illərdə Vladiqafqazda idim. Orada ermənilər də var idi, azərbaycanlılar da, başqa millətlərin nümayəndələri də. Və bilirdilər ki, Qarabağ Azərbaycanındır, Azərbaycan bölünməzdir. İnanıram ki, zəfər uzaqda deyil, yaxındadır. Qələbə bizimlədir və öz torpaqlarımızda müharibə aparırıq, bunu bütün dünya da bilir. Ali baş komandanın da dediyi kimi, Qarabağ Azərbaycandır və nida işarəsi. Bundan o tərəfi yoxdur.
- “Alaniya”nın heyətində Ermənistanın “Ararat” komandasına qarşı oynamısız və qol da vurmusuz…
- Bəli, 1991-ci ildə SSRİ çempionatında “Ararat”la oynamışdıq. Düzdür, səfərə aparmadılar, ancaq ev oyununda iştirak etdim və qol da vurdum.
- Səfərə getməməyiniz siyasi məsələ ilə bağlı idi?
- Hə, məni aparmadılar. Səfər oyununa da getmək istəyirdim, ancaq aparmadılar. Rəhbərliyə də dedim, lakin icazə vermədilər.
- Yəqin ki, qələbə qazandığınız və qol vurduğunuz həmin oyun heç vaxt yaddaşınızdan silinməyəcək.
- Bəli, həmin oyundakı hisslərimi sözlə ifadə edə bilmərəm. O vaxt oyuna Bakı və Sumqayıtdan da azarkeşlər gəlmişdi, sayları 20-yə yaxın olardı. Oyunda 2:0 hesablı qələbə qazandıq. Qarşılaşmada bir qol vurdum, bir də məhsuldar ötürmə etdim. Həmin oyundan sonra ermənilər mənə qarşı təxribat etmək istəyirdilər. Stadionda 38 minə yaxın azarkeş var idi. Ara qızışa bilərdi, amma yaxşı ki, futbolçular bir-birini araladı və heç nə baş vermədi. Ermənilərə yer edən məğlub olmaları deyil, azərbaycanlı futbolçunun onlara qol vurması idi.
- Rusiyadan olan tanışlarınız, keçmiş komanda yoldaşlarınız hazırkı vəziyyətə görə sizinlə maraqlanır, əlaqə saxlayırmı?
- Bəli, keçmiş komanda yoldaşlarımla əlaqəm var. Siyasi məsələlərə qarışmasalar da, bilirlər ki, Qarabağ Azərbaycanındır. Düzdür, onların telekanallarında başqa-başqa fikirlər səsləndirilir, ancaq onlar həqiqəti bilirlər. Mən onlarla danışanda da bunları deyirəm. Bizim haqlı olmağımıza onların şübhəsi yoxdur. Hazırda da zəng edib, maraqlananlar var.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin