“Elxan Məmmədov gedib Qurbanovla görüşməli, etdikləri səhvə görə üzrxahlıq etməlidir”
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin AFFA ilə müqaviləsi noyabrın sonunda bitir.
Komanda.az xəbər verir ki, AFFA rəhbərliyinin italyan mütəxəssislə sözləşməni yeniləməyəcəyi və onunla yollarını ayıracağı gözlənilir.
Artıq milli komandanın baş məşqçi postu üçün müxtəlif namizədlərin adları səslənir. Türkiyə mətbuatı “Başakşəhər”lə Super Liqada çempionluq yaşayan Okan Burukun bu posta ən real namizəd olduğunu xəbər edib. Burukla yanaşı, yığmanı çalışdırmağa Avropadan da bir neçə namizəd var.
Bəs milli komandanı De Byazidən sonra kim çalışdırmalıdır? Bu sualla idman jurnalistlərinə müraciət etdik:
İlkin Vaqifoğlu (“sportinfo.az);
“Düşünürəm ki, milli komandaya yerli mütəxəssis rəhbərlik etməlidir. Qurban Qurbanovdan əvvəl və sonra gələnlər uğur adına heç bir nəticə əldə edə bilməyib. Nikola Yurçeviçin vaxtında da bir xalımız var idi, indi də. Nəticələr və zaman göstərir ki, milliyə xarici mütəxəssisin gəlməsi pulların əbəs yerə sərf edilməsidir.
İlk seçim Qurban Qurbanov olmalıdır. AFFA ondan xahiş etməli və ona qarşı etdikləri səhvləri etiraf etməlidir. Şəxsən Elxan Məmmədov gedib Qurbanovla görüşməli, etdikləri səhvə görə üzrxahlıq etməlidir. Ondan xahiş etməlidir ki, milliyə qayıtsın. AFFA Azərbaycan futbolunu xilas etmək istəyirsə, Qurban Qurbanovu yığmaya qaytarmalı və ona süni əngəllər yaratmamalıdır. Qurbanov razılıq verməsə, Ramiz Məmmədov, Rəşad Sadıqov, Ayxan Abbasov, Aftandil Hacıyev və Samir Abasovun adını çəkə bilərəm.
Mənim üçün sürpriz olan Rəşad Sadıqov oldu. Məşqçi karyerasına uğurlu başladı və millini çalışdırmağa hazır olduğunu dedi. Uzun illər yığmada kapitanlıq edən birinin özündə bu gücü görməsi yaxşı haldır. Onu alqışlayır və dəstəkləyirəm. Uğur əldə edəcəyinə inanırsa, niyə də şans verilməsin?
Orta nəslin nümayəndələrinin namizədlər sırasında olmamasına təəccüblənirəm. Niyə Ramiz Məmmədov millini çalışdırmasın? Demirəm ki, Şahin Diniyev, Vaqif Sadıqov kimilər yenidən milliyə gəlsin. Ümumilikdə, futbolun qapıları onların üzünə bağlanmalıdır. Yeni nəslin nümayəndələrinin milliyə gətirilməsinin tərəfdarıyam”.
İxtiyar Əsgərov (“matç.az” );
“Məncə, Canni De Byazi böyük ehtimalla, postunda qalacaq. Düzdür, bütün hallarda, onun aqibətinə Lüksemburqla oyundan sonra aydınlıq gələcək. Baş məşqçi postunda dəyişiklik olunsa belə, millimiz Şahin Diniyev, Ağasəlim Mircavadov, lap elə Kazbek Tuayevin rəhbərliyi altında Portuqaliya, Serbiya, Xorvatiya kimi yığmaların yer aldığı qrupda autsayder kimi qəbul olunacaq. Çempionatın səviyyəsi göz qabağındadır. Şəxsi fikrim belədir ki, milli komandanın uğursuzluğunun problemi təkcə baş məşqçidə deyil. Ölkədə normal təhsil, normal səhiyyə olanda, milli də normal nəticə verəcək.
Millinin baş məşqçisi kim olsun? Yerli mütəxəssisləri nəzərdə tutursuzsa, ağıla öncə iki məşqçinin adı gəlir – Qurban Qurbanovla Rəşad Sadıqov. Son vaxtlar Elmar Baxşıyevin, eləcə də Aftandil Hacıyevin gördüyü işi yəqin çoxu bəyənər. Əcnəbi olacaqsa, elə Byazi qalsa yaxşıdır”.
Kənan Həsənov (“Futbol+”);
“Milli komandanın başında kimin dayanmasının heç bir fərqi yoxdur. Çünki futbolumuzun problemi baş məşqçi ilə bağlı deyil. İndiyədək yığmaya heç də zəif mütəxəssislər rəhbərlik etməyib. Amma nəticə(sizlik) ortadadır. Siyasət, strategiya, yanaşma səhvdir və bunu dəyişmək lazımdır. İllər hədər gedir, milyonlar havaya sovrulur. Milli indiki dövrdə birmənalı şəkildə yerli mütəxəssisə tapşırılmalı, komandaya sərf olunan məbləğ yarıbayarı azaldılmalı, əsas güc uşaq futboluna verilməlidir. Akademiyaların sayını artırıb, ora savadlı əcnəbi mütəxəssislər dəvət etmək lazımdır. Maliyyə məhz bu sahəyə yönləndirilməlidir. Çünki futbolumuzun əsas bəlası təməlin düzgün qoyulmamasıdır. Eybi yox, qoy, daha bir neçə tsikli boşa verək. Əsas gələcəyi qazanmaqdır. Bunu etməsək, yenə yerimizdə sayacaq, bir addım irəli, iki addım geri gedəcək, təsadüfi qələbələr və ya heç-heçələrlə özümüzü ovunduracağıq. İnkişaf, dünya futbol ailəsinin layiqli üzvü olmaq istəyiriksə, uşaq futbolundan başlamalıyıq. Milli komanda hazırkı futbolçu potensialı ilə meydana baş məşqçi olmadan da çıxsa, nəticə dəyişməyəcək. Ona görə də, fikrimcə, hazırda bu məsələ ikinci, hətta üçüncü dərəcəlidir”.
Kənan Məstəliyev (“rekord.az”);
“Azərbaycan millisinə yerli mütəxəssis rəhbərlik etməlidir. 8 komandalı çempionatı, ölkə xaricində oynayan 2-3 ortabab futbolçusu olan ölkənin yığmasına əcnəbi mütəxəssis gərək deyil. Bunu uzun illər deyir, dəfələrlə təsdiqini tapan reallıqlar da sübut edir. De Byazi kimi lazımsız, müddəti keçmiş, müasir futboldan anlayışı olmayan birisinin yerində özümüzünkü işləsəydi, bundan yaxşısına nail olmaq olardı. Bir xalı Premyer Liqamızda istənilən komandanın baş məşqçisi də qazanardı. Bu qədər maliyyə xərcləyib heç nəyə nail olmamaq Azərbaycana, onun futboluna düşmənçilikdən başqa bir şey deyil. Okan Buruk yox, lap Xosep Qvardiola da gəlsə, heyətə Elvin Bədəlovu daxil etməli olacaq, başqası gəlsə də. Məsələ ustada yox, ustanın işlədiyi materialdadır. Əvvəl onu düzəltmək lazımdır, sonra nəyəsə ümid etmək”.
Amal Abuşov (“sport7.az”);
“AFFA-da dəyişiklik olmasa, məşqçinin kimliyi boş şeydir”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin