Azərbaycan kuboku: İkincilər
Azərbaycan kubokunun tarixində ikinci dəfə finalda əzmkar nəticə qeydə alınıb.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, “Sumqayıt”la qarşılaşan “Keşlə” məğlub duruma düşsə də, iki qol vuraraq oyunda dönüş yaradıb. 1992-ci ildən keçirilən turnirin əvvəlki 26 finalından yalnız birində hesabı açan komanda uduzub.
Bu, 2005/06 mövsümünə təsadüf edib. “Karvan” “Qarabağ”la görüşdə ilk qolu vursa da, kuboku Ağdam təmsilçisi qazanıb – 2:1. Digər hallarda isə hesabı açan komandalar hətta qarşılaşmanın taleyi penaltilər seriyasına qədər uzansa da, sonda qalib tərəf olub.
“Keşlə” – “Sumqayıt” görüşündə vurulan erkən qol da Azərbaycan kubokunun finallarında 2-ci ən tez vurulan topdur. Miyusko Boyoviçin 3-cü dəqiqədəki avtoqolu iki il öncə Stiven Monrozun (“Qəbələ”) “Sumqayıt”ın qapısına vurulduğu topla eyni vaxta təsadüf edib. Mütləq rekord isə Roman Axalkatsiyə (“Karvan”) məxsusdur. O, 2005/06 mövsümündə “Qarabağ”la finalın ilk dəqiqəsində qol vurub.
Miyusko Boyoviç Azərbaycan kubokunun finalında avtoqol edən ikinci futbolçu olub. Əvvəlki 26 finalda yalnız bir belə hadisə yaşanıb. 2016/17 mövsümündə Ürfan Abbasov (“Qəbələ”) “Qarabağ”la görüşdə avtoqola imza atıb. Amma Abbasovdan fərqli olaraq, Boyoviç sonradan rəqib qapısına da yol tapmaqla finalda hər iki tərəfə qol vuran ilk oyunçu olub.
Bizi Facebook-da izləyin