Azərbaycan Kubokunun 1-ci mərhələsi keçirildi

Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kubokunun 1-ci mərhələsi keçirilib.

Komanda.az xəbər verir ki, ümumilikdə 78 oğlan velosipedçinin iştirak etdiyi turnir Səbail rayonunda yerləşən Veloparkda baş tutub.

Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən təşkil edilən yarışın ilk günündə 2005-2007-ci il təvəllüdlü idmançılar 30 km (11 nəfər, 20 dairə, 10 ara finiş), 2008-2009-cu il təvəllüdlü velosipedçilər 24 km (28 nəfər, 16 dairə, 8 ara finiş), 2010-2012-ci il təvəllüdlülər isə 10 km (12 nəfər, 10 dairə, 5 ara finiş) məsafəyə kriterium növündə mübarizə aparıblar.

Turnirin ikinci günündə isə kriterium növündə yarışmayan 2009-cu il və daha kiçik təvəllüdlü idmançılar dağ velosipedləri ilə 10 km (27 nəfər, 10 dairə) məsafəyə qrup ötüşməsində güclərini sınayıblar.

Nəticələrə əsasən, kriterium növündə 2005-2007-ci il təvəllüdlü idmançılar arasında Tural İsrafilov (ROEQİUGVM, 55 xal), 2008-2009-cu il təvəllüdlü velosipedçilərin yarışında Nihad Xudoyev (ROEQİUGVM, 43 xal), 2010-2012-ci il təvəllüdlülərn mübarizəsində Nihat Xudiyev (ROEQİUGVM, 30 xal), dağ velosipedləri ilə qrup ötüşməsində isə 2009-cu il təvəllüdlü və daha kiçik idmançılar arasında Toğrul Məmmədli (ROEQİUGVM, 24:24:19) birinci yeri tutublar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. İlk 3 yerin qaliblərinə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button