Azərbaycan kubokunda 5-ci mərhələyə yekun vuruldu
Şose velosipedi üzrə Azərbaycan kubokunda 5-ci mərhələyə yekun vurulub.
Komanda.az xəbər verir ki, “Qənimətlər parkı”nın önündə keçirilən yarışda iştirakçılar kriterium ötüşməsində mübarizə aparıblar.
Reqlamentə görə 3 kateqoriyada təşkil olunan yarışda 17 yaşadək oğlanlar və qızlar, həmçinin gənclər və U-23/Elit yaş kateqoriyası üzrə velosipedçilər arasında qaliblər müəyyənləşib.
Qızlar arasında yarışın nəticəsinə əsasən Viktoriya Sidorenko aralıq finişlərində hamıdan çox xal toplamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radha Şabanova ikinci, Lalə Abdurahmanova isə üçüncü olub. 17 yaşadək oğlanlar arasında Tural İsrafilov bütün rəqiblərini geridə qoyub. Ravi Rzayev və Burhan Abdullayev isə 2-3-cü yerləri bölüşüblər.
Gənclər, U-23/Elit yaş kateqoriyasında çıxış edən velosipedçilərin mübarizəsində isə Azərbaycanın Elit yığma komandasının və Türkiyənin “Sakarya BB Pro Team” kontinental komandasının velosipedçisi Elçin Əsədov hamıdan güclü olub. Musa Mikayılzadə və Nəcəf Bağırov isə müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.
Qaliblərə mükafatları Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Rafiq Abbasov, AVF-nin İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov və Gənclər və İdman Nazirliyinin velosiped idmanı üzrə kuratoru Ülviyyə Hacıyeva təqdim ediblər.
Bizi Facebook-da izləyin