Azərbaycan komandalarının avrokuboklardakı rəqibləri bəlli oldu
Həndbol komandalarımız 2023/2024 mövsümündə EHF Avropa Kubokunda mübarizə aparacaqlar.
Komanda.az xəbər verir ki, yarışa 1/32 final mərhələsindən qatılacaq təmsilçilərimizin rəqibləri də artıq məlumdur.
İyulun 18-də Avstriyanın paytaxtı Vyanada atılan püşkün nəticələrinə görə, qadınlardan ibarət “Azəryol” Bosniya və Hersoqovinanın “ZRK Krivaja”, “Qarabağ” İspaniyanın “KH-7 BM Granollers”, “Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə qarşılaşacaq.
İlk oyunlar 23-24 sentyabrda keçiriləcək. Mərhələnin cavab görüşləri isə 30 sentyabr-1 oktyabr tarixlərinə təyin olunub.
Püşk kişilərdən ibarət “Azəryol” komandasına 1-ci mərhələdə üzləşəcək “Winner of HC Amber” (Litva) – “SV Brixen Handball” (İtaliya) cütünün qalibini rəqib seçib. Digər təmsilçimiz “Kür” isə Xorvatiyanın “MRK Sesvete” kollektivi ilə mübarizə aparacaq.
İlk oyunlar oktyabrın 14-ü və 15-də, cavab matçları 21-22 oktyabr tarixlərində olacaq.
Bizi Facebook-da izləyin