Azərbaycan gimnastları Bakıdakı dünya kubokunda finala yüksəldi
Bu gün Bakıda kişi və qadın idman gimnastikası üzrə FIG dünya kubokuna start verilib.
Komanda.az xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini Mariana Vasileva gimnastikanın ən maraqlı növlərindən biri olan idman gimnastikasının ölkəmizdə çox sevildiyini, bu növün Olimpiya Oyunlarında da böyük maraqla qarşılandığını bildirib.
Açılış mərasiminin ardınca idmançıların çıxışlarına start verilib. Dünya kubokunun ilk günündə kişi idmançılar sərbəst hərəkətlər, paralel qollar və halqalar üzrə çıxışlarını təqdim ediblər. Qadın idman gimnastları isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollarda mübarizə aparıblar.
Azərbaycanın dörd təmsilçisi yarışın ilk günündə qüvvəsini sınayıb. Gimnastımız İvan Tixonov paralel qollar, Mənsum Səfərov isə sərbəst hərəkətlər üzrə proqramını təqdim edib.
Qadınlar arasında Samirə Qəhrəmanova dayaqlı tullanma, Milana Minakovskaya müxtəlif hündürlüklü qollar proqramında mübarizə aparıb.
İvan Tixonov və Nikita Simonov dünya kubokunda final mərhələsinə vəsiqə qazanıb. Tixonov təsnifatda paralel qollarda hərəkətlərə görə 13.933 xal toplayaraq 8-ci olub. Simonov isə halqa ilə hərəkətlərdə hakimlərdən 14.266 xal alıb və 6-cı yeri tutub. Hər iki idmançı təsnifat mərhələsini ilk “səkkizlik”lə başa vurduğu üçün finala yüksəlib.
Qadınların mübarizəsində isə Samirə Qəhrəmanova dayaqla tullanmada 12.166 xalla 17-ci, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollarda hərəkətlərdə 10.366 xalla 23-cü olub.
Turnirdə 34 ölkədən 145 idmançı qüvvəsini sınayır. Dörd gün davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Bizi Facebook-da izləyin