Azərbaycan futbolunun bəlasına çevrilən süni örtük haqda vacib qeydlər+FOTO

Süni örtüklü futbol meydançaları dünya futbolunda artıq uzun illərdir ki, müzakirə mövzusudur. Belə meydançalara zədə obyekti kimi baxanlarla yanaşı, qulluğun rahatlığı, gec xarab olması kimi üstünlüklərinə görə bu cür örtüklərin istifadəsinin futbolun daha da kütləviləşməsinə xidmət etdiyini düşününlər də var. Bəs reallıq nədir? Süni örtükdən istifadə doğrudanmı futbolun, futbolçu zədələrinin əsas bəlasıdır? Son dövrlərdə Azərbaycan futbolunda süni örtüklərin sayının sürətlə artmasını nəzərə alaraq, mövzuyla bağlı kiçik araşdırma aparmaq qərarına gəldik. Gəlin, süni örtük məsələsinə bir neçə aspektdən yanaşaq…

Süni örtüyün tarixi

Süni ot örtüyü ilk dəfə 1964-cü ildə ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Mozes Braun məktəbinin istirahət meydançasında quraşdırılıb. ABŞ-da təbii otun inkişafı üçün əlverişsiz şəraitin hökm sürdüyü Hyuston şəhərində quraşdırıldıqdan sonra isə ictimaiyyət arasında geniş yayılmağa başladı. 1966-cı ildə, üstü qapalı “Houston Astrodome” stadionunda quraşdırılan süni örtük “AstroTurf” adı ilə tanındı. Məqsəd, günəş işığına ehtiyacı olmayan, davamlı bir alternativ yaratmaq idi. Bu təşəbbüs özünü doğrultdu və süni ot örtüyü getdikcə dünya miqyasında geniş yayılmağa başladı. Təbii ki, hər ötən il bu cür örtüklər il keçdikcə daha da təkmilləşdirilir, təbii ot örtüyünün verdiyi üstünlüklərə uyğunlaşdırılmağa çalışılırdı. Hətta bir müddət sonra süni və təbii ot örtüyünün qarışığından ibarət olan “hibrid” ot örtükləri də istifadəyə verildi. Hibrid örtük — əsasən 95–97 faiz təbii ot, 3–5 faiz süni liflərdən ibarət olan bir sistemdir. Süni liflər xüsusi texnologiya ilə torpağa (və ya substrata) yeridilir və təbii ot bu liflərin ətrafında böyüyür. Bu, köklərin daha möhkəm tutunmasına və sahənin daha dözümlü olmasına imkan verir. Hazırda dünya futbolunda bir çox məşhur stadion – “Uembey”, “Kamp Nou”, “Allianz Arena”, “Stemford Bridc” kimi arenalar da bu cür örtüklərdən istifadə edir. Lakin hibrid ot örtükləri süni ilə müqayisədə təbii ot örtüyünə daha yaxın olduğundan, yenidən qayıdaq əsas mövzumuza – tam süni ot örtüklərinə.

Süni örtüklü meydançalardan ən çox ABŞ, Kanada, Rusiya, Norveç və İsveç kimi ölkələrdə istifadə edilir. Bu cür qazondan xüsusilə, soyuq və sərt iqlimə malik bölgələrdə istifadə olunur. Süni örtük bu cür bölgələrdə ilin bütün dövrlərində futbolun davamlılığını təmin edir.

Hazırda dünyada bir sıra məşhur stadionlar süni örtükdən istifadə edir. Bunlara misal olaraq Kanadada “BC Place”, ABŞ-da “CenturyLink Field”, “Gillette Stadium” kimi arenaları göstərmək olar. Bir sıra stadionlar (məsələn, Moskvadakı “Lujniki” stadionu) əvvəlcə süni örtüklə fəaliyyət göstərmiş, sonradan isə təbii otla əvəz olunmuşdur.

UEFA və FİFA əsas turnirlər üçün tam süni ot örtüyündə oyun keçirməyə icazə vermir. Buna görə də, bəzi stadionlar beynəlxalq oyunlar üçün bəzən müvəqqəti təbii/hibrid örtüklə əvəzlənir.

Uşaq futbolunda süni örtükdən istifadə təcrübəsi

Uşaq futbolunda süni örtüklü meydançalar geniş tətbiq edilir. Bu cür qazonlar məşqlərin və oyunların fasiləsiz keçirilməsinə şərait yaradır. İlin istənilən fəslində, hətta əlverişsiz hava şəraitində belə, məşqlərin davamlı olması üstünlük kimi qiymətləndirilir. Skandinaviya ölkələri və Kanada bu praktikanın uğurla tətbiq olunduğu nümunələrdəndir. Bu praktikadan hətta Avropanın aparıcı futbol ölkələrində də istifadə edilir. İstənilən tanınmış futbol akademiyasının infrastrukturuna nəzər yetirsək, orada kiçik istisnaları çıxmaq şərtilə, böyük ehtimalla, 1-2 dənə də olsa, bu cür meydançalarla rastlaşacağıq.

Süni örtüyün faydaları və mənfi təsirləri

Gəldik yazının ən həssas hissəsinə. Son illərdə azərbaycanlı futbol mütəxəssisləri, uşaq məşqçiləri bu cür örtüklərin ziyanlarını daha çox qabardırlar. Bu cür örtüklərin əsas faydaları kimi az texniki qulluq tələb etməsi, iqlimə qarşı dözümlülüyü, istifadə davamlılığını göstərə bilərik. Bu sadalanan faktorlar bu cür örtüklərdən istənilən hava şəraitində, daha intensiv istifadəyə imkan verir.

Süni ot örtüyünün mənfi təsirləri kimi isə futbolçularda zədələnmə riskinin artması (xüsusilə, diz və ayaq biləklərində), çox isti havada süni örtüyün həddindən artıq qızmasını, ekoloji problemləri (mikroplastiklərin ətraf mühitə təsiri) göstərə bilərik. Burada uşaq məşqçilərini ən çox narahat edən amil bu cür örtüklərdən daimi istifadənin azyaşlılarda zədələrin yayılmasına təsiridir. Belə ki, süni örtüklü meydançalarda oyun zamanı futbolçularda diz və ayaq biləyi zədələrinin riski artır, əzələ gərginlikləri və oynaqlarda problemlər daha tez müşahidə edilir. Bundan əlavə, səthin sürtünməsi nəticəsində dəri yanıqları kimi xəsarətlər qeydə alınır.

Azərbaycanda süni örtüklü stadionlar

Bayaq da qeyd etdiyim kimi, Azərbaycanda bu cür örtüklü meydançalar çox geniş yayılıb. Ölkədə hətta vaxtilə yüksək liqa oyunlarını qəbul etmiş, aşağı liqalarda daimi istifadə edilən və hazırda da Premyer Liqa oyunlarını qəbul edən “Şəfa” (hazırkı “ASK Arena”) stadionu (Bakı), “ASCO Arena” (Bakı), Binə qəsəbə stadionu, Tovuz şəhər stadionu, Şamaxı şəhər stadionu və bu şəhərin Olimpiya İdman Kompleksinin futbol arenası, Ağsu şəhər stadionu, Lökbatan qəsəbə stadionu, Zaqatala şəhər stadionu, Mingəçevir şəhər stadionunun ehtiyat meydançası (eyniadlı komanda hazırda 1-ci Liqada ev oyunlarını bu stadionda keçirir), Göygöl Olimpiya İdman Kompleksinin stadionu, Saatlı Olimpiya İdman Kompleksinin stadionunda süni örtükdən istifadə edilir. Bu adını sadaladıqlarım ölkənin peşəkar liqalarında (Premyer Liqa, 1-ci və 2-ci Liqa) istifadə edilən süni örtüklü qazona malik stadionlardır. Bundan əlavə, ölkə miqyasında müxtəlif yaş qruplarından ibarət komandaların oyun və məşqlərini qəbul edən əksər olimpiya idman komplekslərinin futbol stadionlarda da məhz süni örtüklü meydançalardan istifadə edilir.

“Turan Tovuz” rəhbərliyi bu yaxınlarda növbəti mövsümdən Tovuz şəhər stadionunun hazırda süni olan ot örtüyünün təbii qazonla əvəzlənəcəyini açıqlamışdı. Əvəzində, növbəti mövsümdən 16 illik fasilədən sonra yenidən Premyer Liqaya qayıdacaq “Karvan” Yevlax şəhər stadionunun hazırkı ot örtüyünün süni örtüklə əvəzlənəcəyini açıqlayıb. Naxçıvan şəhər stadionunun da təmirdən sonra hazırda təbii olan ot örtüyünün süni örtüklə əvəzlənəcəyi barədə məlumatlar yayılıb.

Yuxarıda süni örtüklü meydançaların mənfi tərəflərindən biri kimi isti vaxtlarda bu cür qazonların həddən artıq çox qızmasını qeyd etdim. Bu baxımdan, bu cür örtükdən istifadə edəcək stadionların işıqlandırma sisteminin yaxşı vəziyyətdə olması çox mühümdür. Təsəvvür edin, avqust və sentyabr aylarında Yevlaxda, təxminən 40 dərəcə istidə keçirilən oyun futbolçularda hansı fəsadlar yarada bilər. Məsələn, Şamaxı şəhər stadionunda süni örtükdən istifadə edilir, lakin arenada işıqlandırma sistemi olmadığından, isti aylarda futbolçular üçün bu meydançada oynamaq əlavə çətinlik yaradır. Eyni amillər gələcəkdə daha isti iqlimə malik Yevlaxda və Naxçıvanda daha böyük fəsadlara yol aça bilər.

Azərbaycanda olan süni örtüklərin əsas problemlərindən biri də istifadə müddətidir. Çoxu bu cür örtüklərin istifadə müddətinin limitsiz olduğunu düşünsə də, əslində təbii örtüklə müqayisədə daha çox uzun müddət istifadə etmək imkanı versə də, bu cür örtüklərin istifadə müddəti də heç də limitsiz deyil. İstifadə müddəti keçmiş süni örtüklərin isə futbolçular üzərində yaratdığı fəsadlar daha dəhşətli olur.

Süni ot örtüyündən istifadə intensivliyi necədir?

Meydança gündəlik və ya çoxsaylı oyun-məşq üçün istifadə olunursa, ömrü 6–8 ilə qədər qısala bilər. Az istifadə olunan meydançalarda bu müddət 10 ildən çox ola bilər. Buna bir neçə amil təsir edə bilər:

Baxım və texniki xidmət

  • Süni örtüklər baxımsız buraxılsa, tez sıradan çıxır.
  • Daim fırçalanması, təmizlənməsi və dolğu materiallarının (qum, rezin) balansda saxlanması vacibdir.

İqlim şəraiti

  • Çox isti və ya çox soyuq bölgələrdə günəşdən gələn ultrabənövşəyi şüalar və şaxtalar örtüyün keyfiyyətinə mənfi təsir edə bilər.
  • Örtüyün keyfiyyəti və markası
  • Yüksək keyfiyyətli və FİFA sertifikatlı süni örtüklər 10 ilə qədər dözümlü olur.
  • Ucuz və standartlara uyğun olmayan örtüklər 4–5 ilə sıradan çıxa bilər.

Yekun rəy

Süni örtüklü meydançalar, xüsusilə, qeyri-əlverişli iqlim və məhdud resurs şəraitində futbolun inkişafı üçün zəruri alternativ hesab edilir. Lakin peşəkar yarışlar və yüksək səviyyəli oyunlar üçün təbii otun üstünlükləri nəzərə alınaraq, süni örtük istifadəsi diqqətlə tənzimlənməlidir. Yekunda, süni örtüklü meydançaların tam ləğvi deyil, ağıllı və məqsədəuyğun istifadəsi daha doğru yanaşma olaraq qiymətləndirilməlidir.

Əmir

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button