Böyükağa Hacıyevin oğlu: “Qurban Qurbanov başqa “level”də olan insandır” – Müsahibə
“Neftçi”ylə avrokubokların qrup mərhələsinə ilk dəfə vəsiqə qazanmaqla adını Azərbaycan futbol tarixinə yazdırmış Böyükağa Hacıyevin vəfatından 4 il ötür. Üçqat Azərbaycan çempionu 2018-ci il martın 16-da dünyasını dəyişib.
Böyükağa Hacıyevin oğlu Rüstəm də futbol sahəsində çalışır. Hazırda AFFA-da media bölümündə işləyən Rüstəm Komanda.az-a müsahibəsində atası ilə bağlı xatirələrini bölüşdü.
– Böyükağa Hacıyevin vəfatından sonra yoxluğunu daha çox hansı məqamlarda hiss edirsən? Onun vəfatından sonra sən və ailən üçün nə dəyişib?
– Təbii ki, hər məqamda atamın yoxluğu hiss olunur. Demək olar ki, gün ərzində onun yoxluğunun əzabını müəyyən saatlarda çəkirəm. Sadəcə hər şeyi çox drama bağlamağı sevmirik. Həmin əzabı elə içimizdə çəkirik.
– Atana görə səni tanıyanlar olur?
– Əlbəttə. Bütün qurumlarda şəxsiyyət vəsiqəmdən məni çox rahat şəkildə tanıyıb, kimin oğlu olduğumu bilirlər, tanıyırlar. Atamın təkcə futbol sahəsində yox, digər sahələrdə də tanışları çox idi. İstər güc strukturları, istərsə də nazirliklərdə. Onun hörməti həmişə yüksək olub.
– Ümumiyyətlə, atanı necə xarakterizə edərdin?
– Müsahibələrdə həmişə demişəm, mən bu yaşıma qədər onun kimi maraqlı insan görməmişəm. Atam sözün əsl mənasında avtoritet idi. O, uşaqla uşaq ola bilirdi, böyüklə də böyük. Sözünün ağası olması, əqidəsi isə bütün ölkəyə bəlli idi.
– Bəs məşqçi Böyükağa Hacıyevlə valideyn Böyükağa Hacıyev arasında hansı fərqlər var idi?
– Valideyn kimi çox tələbkar biri olmayıb. Bizə hər zaman etibar etdiyi üçün azadlıq verib. Elə bəlkə də, buna görə biz daha çox müasir yetişmişik. Bizimlə dərdləşməyi çox sevirdi. Oturub saatlarla söhbət edə bilirdik. Dediyim kimi, çox maraqlı insan idi. Amma məşqçi kimi çox sərt və tələbkar idi. Futbolçuların dilini çox gözəl bilir, beyinlərini gözəl oxuyurdu.
– Atan dünyasını dəyişdikdən sonra AFFA-dan, məşqçi və futbolçulardan, xüsusilə, “Neftçi” rəhbərliyindən sizinlə əlaqə saxlayanlar, maraqlananlar, köməyini təklif edənlər olub heç?
– Məşqçilərdən günü bu gün də Qurban Qurbanov maraqlanır. Hər zaman kef-əhval edir, soruşur. Ümumiyyətlə, Qurban Qurbanov başqa “level”də olan insandır. İstər AFFA, istərsə də “Neftçi” rəhbərliyinin hər zaman diqqəti üzərimizdə olur. Mənim atam “Neftçi”nin, eləcə də Azərbaycan futbolunun göz bəbəyi olub və ölkə futboluna adını qızıl hərflərlə yazdırıb, tarix yazıb. Yəni “Neftçi” və AFFA-da kiminsə bizə diqqətsiz qalması mümkün deyil.
– Azərbaycan futbolunun içindəsən sən də. Böyükağa Hacıyevin yeri görünür futbolumuzda?
– Məncə, Azərbaycan futbolunda elə sadəcə Böyükağa Hacıyev çatmır. Elə onun mətbuat konfranslarını xatırlayın. Onun iştirakı ilə keçirilən mətbuat konfransları çox mükəmməl və rəngli alınırdı.
– Azərbaycan futbol tarixində ilk dəfə bir komandanı avrokuboklarda qrup mərhələsinə daşıyan məşqçi Böyükağa Hacıyev olub. Həmin anları necə xatırlayırsan?
– İndiyə qədər hər epizodu ilə yadımdadır. Həmin dönəmlər mənə yuxu kimi gəlir. Çox qeyri-adi və mükəmməl günlər olub. Bütün oyunlarda atamın fartı, inancı mən olmuşam. Bunu özü belə, qəbul etmişdi. APOEL ilə oyuna çıxmamışdan 15 dəqiqə qabaq mənimlə danışmışdı. Milanda “İnter”lə 2:2 oynadıqları görüşdən öncə də mənimlə söhbət etdi. Özünü buna inandırmışdı ki, mənimlə danışıb oyunlara çıxanda onun üçün düşərli olur.
– “Neftçi”nin hazırkı durumu barədə nə düşünürsən? Atanı ən yaxşı tanıyan biri kimi, səncə, sağ olsaydı, komandanın hazırkı durumunu necə şərh edərdi?
– Atamın vaxtında “Neftçi” demək olar ki, üç il sabit oyun nümayiş etdirmişdi. Tarixin ən güclü “Neftçi”si, mükəmməl heyəti atamın vaxtında olub. Təbii ki, səviyyə fərqi hiss olunur. Düşünürəm ki, atam mətbuat konfranslarında heç vaxt boş-boş danışmayıb. Danışdığı qədər də futbol oynadıb komandasına. Sözün açığı, indiki “Neftçi” də zəif deyil. Ümid edirəm ki, nə zamansa yenə də əvvəlki kimi əzmkar və mükəmməl “Neftçi”ni görəcəyik.
– Böyükağa Hacıyev bütün idman mətbuatında şən, məzəli, söz altında qalmayan, tarixi də çox yaxşı bilən biri kimi tanınırdı. Qohumlar, ailə içində də yəqin belə olub. Bu barədə sənin fikrin necədir?
– Atam tarixi mükəmməl bilirdi. Böyük qardaşım Yusif də dəfələrlə tarix olimpiadalarında qalib olub. İkisinin tarix haqda söhbəti çox maraqlı alınırdı. Monqollardan, Səlcuqlardan, Teymurləngdən, Çingiz xandan çox danışırdılar. Ziyafətlərdə, qohumlar arasında zarafatlarından qalmazdı atam. Evdə də hər zaman deyib-gülən, şən insan olub.
– Atan deyirdi ki, “naxçıvanlılar dünya futbolunda iki nəfəri tanıyır – Pele və Böyükağa Hacıyevi. Mən Naxçıvan futbolundan çıxan yeganə SSRİ idman ustasıyam”. Onu Naxçıvanda tanımayan yoxdur yəqin…
– Sözün əsl mənasında Naxçıvanda onu tanımayan adam yoxdur. Özü haqda nə deyibsə, nöqtəsinə, vergülünə qədər doğru deyirdi. O, böyük və mükəmməl insan idi.
– Atanın futbolda ən çox üzüldüyü və ən çox sevindiyi anlar hansı idi?
– Ən üzüldüyü an? Yadıma biri gəlir. Əminəm ki, “Partizan”la Tofiq Bəhramov adına stadionun bərbad ot örtüyündə oynadıqları pley-off matçı olub. Ən çox sevindiyi oyunlar? Yəqin ki, “Xəzər Lənkəran”ı 5:0 hesabı ilə məğlub etdikləri matç, APOEL üzərində qələbə, “İnter”lə səfər heç-heçəsi.
– Dedin ki, səninlə dərdləşməyi sevərdi. Maraqlıdır, heç Azərbaycan milli komandasını çalışdırmaq istədiyini deyib sənə?
– Təbii ki, hər məşqçinin arzusu və istəyi milli komandanı çalışdırmaq olur. Nə vaxtsa atama millidən təklif olunduğunu dəqiq deyə bilməyəcəm. Amma təklif olsaydı, millinin “sükanı arxasında” da öz sözünü deyəcəyinə adım kimi əmin idim.
Məhəmməd
Bizi Facebook-da izləyin