“Kazbek Tuayev harada işləyibsə, oranı dağıdıb” – MÜSAHİBƏ
“Neftçi”nin keçmiş futbolçusu, futbol veteranı Asəf Namazovun Komanda.az saytına müsahibəsi:
“Onlar futbola yox, futboldan xeyir götürməyə önəm verirlər“
– İndi futbolun ətrafında çox adamlar var. Bilən də, bilməyən də futbola yönəlir. Mən 1968-ci ildə futbola gəlmişəm. SSRİ-də 15 yaşlılar arasında keçirilən futbol turnirində Rafiq Mirzəyevlə birlikdə üçüncü olmuşuq. 1968-də gəlsəm də, hər zaman futbolla əlaqəm olub. Azərbaycana ilk qızıl medalı mənim böyük qardaşım qazandırıb. 1961-ci ildə SSRİ spartakiadasında qızıl medal almışdılar. Həmin heyətdə qapıçı Şexov, Baqdanov, Nikolay, Viktor Zabrodin oynayıblar.
Həmin vaxtdan Azərbaycan futbolunu idarə edənlər, indi də futbola baxanda görürük ki, eyni düşüncəli adamlardır. Onlara futbola yox, futboldan xeyir götürməyə önəm verirlər. Bunların gördüyü iş nədən ibarətdir? Ancaq tərif yağdırmaq.
Hazırda Premyer Liqada Gəncə, Tovuz yoxdur. Bu, sadəcə biabırçılıqdır. Elə bil Azərbaycan futbolunu idarə edənlərdə erməni qanı var.
“Kim futbol görmək istəyirsə, “Qarabağ”a baxsın”
– Elxan Məmmədov idman nazirinin yanında hesabat verən zaman dedi ki, futbol xərclərinə 127 milyon dollar pul gedib. Ortada isə heç nə yoxdur. Bu səbəbdən, Azərbaycan futbol aləminin dövlətə borcu var.
Azərbaycanda kim vəzifəyə gəlirsə, elə bil qulağına pıçıldayırlar ki, “get dağıt pulları, qorxma”. Düzdür, indi təmizlənmə gedir, yaxşı işlər görüləcək. Futbol ən böyük qüvvədir, futbolda olan qüvvə heç bir idmanda yoxdur. Hazırda 8 klubumuz var. Sadəcə, “Qarabağ”dan nümunə götürmək olar. Kim futbol görmək istəyirsə, “Qarabağ”a, kim pul dağıtmaq istəyirsə, Elxanın 4 klubuna baxsın. İndi gözləyirik ki, yeni rəhbərlik gəlsin…
“Prezident “Qarabağ”ı qəbul edəndə AFFA-dan heç kəs yox idi“
– Prezident “Qarabağ”ı qəbul edəndə AFFA-dan heç kəs yox idi. Bu, nə deməkdir? Yəni siz “işlər” görmüsüz, bura gələ bilməzsiz. “Qarabağ” təkdir. Bu futbol bataqlığında komandanı bu səviyyəyə çatdırdığına görə Qurban Qurbanova “Şöhrət” ordenindən əlavə, “Müharibə qəhrəmanı” adı vermək lazımdır. Əyilmədi, nəfsini saxladı, adı Azərbaycanın tarixinə böyük hərflərlə yazıldı. Atalar deyir ki, tək əldən səs çıxmaz. Futbolda hər şey baş məşqçidən asılıdır. Onun özü kimi, Müşfiq Hüseynov, Elçin Rəhmanov, Zaur Tağızadə kimi köməkçiləri var.
“O, pul görəndə dini, məzhəbi itən adamdır“
– Hər gün çıxan xəbərlərdən futbol veteranlarının da nə işlə məşğul olduğunu oxuyuram. Bir misal çəkim. De Byazi Azərbaycan millisinə gələndən sonra Kazbek Tuayev dedi ki, yerli məşqçi olsa, yaxşıdır. AFFA-nın belə fikri var idi. Bir müddət sonra De Byazinin müqaviləsini uzatdılar, Kazbek Tuayev dedi ki, xarici məşqçi yaxşıdır. İndi milli komanda 129-cu yerdədir. Buna kim cavab verəcək? Deyir ağıllın kimdir, qabaqda gedən zəncirli…
Kazbek Tuayev 52 ildir harada işləyibsə, oranı dağıdıb. Sovet vaxtı Lənkəranda işləyirdi. Oranın komandasının büdcəsinə nə qədər pul verirdilər, şəraiti çox yaxşı idi. O komandanın birinci dəstəyə çıxmaq şansı var idi. Amma bu, Kazbekə lazım deyildi. O puldan başqa, futboloçular rəsmi pul alırdılar klubdan. Pullar hara gedirdi, heç kim bilmirdi. Kazbek futbolçuları, məni o qədər aldatdı ki, həmin vaxtlar… O, pul görəndə dini, məzhəbi itən adamdır. Onun bir qram insafı yoxdur.
“1968-ci ildən Azərbaycanda futbolu həmişə üç nəfər idarə edib“
– Ümumiyyətlə, 1968-ci ildən Azərbaycanda futbolu həmişə üç nəfər idarə edib: Kazbek Tuayev, Ələkbər Məmmədov, bir nəfər də var, adını çəkməyəcəm. Bunlardan ikisi rəhmətə getdi. Yerləri o dəqiqə doldu. Vaqif Sadıqov qayıtdı, Ələkbər Məmmədovun da yerinə Elxan Məmmədov gəldi. Kazbek də dağ kimi yerindədir. Futbolumuzda yaxşılığa doğru dəyişiklik ola bilər. Bunun üçün gərək Elxan Məmmədov Kazbek Tuayevi yanına – FİFA-ya aparsın. Komplekt olmaq üçün Vaqif Sadıqovu da onlarla Fransaya göndərmək olar. Axı fransızlar erməniləri çox istəyirlər. Biz də onlara “hədiyyə” veririk.
“Hər kluba bir veteran təyin etmək olardı”
– Keçən il 12 legioner var idisə, gələn mövsümdən klublar 14 legioner saxlaya bilərlər. Bu qərar Elxan Məmmədov kimi təsadüfən futbola gələn adamların fikridir. Belə çıxır ki, biz Avropa klublarına lazım olmayan oyunçuları Azərbaycana gətiririk. 14 oyunçunun 6-sı əsas heyətdə meydana çıxır. Halbuki keçən il azaldılacağını demişdilər. 5 olmalı idi, 6-sını saxladılar. Bu, Azərbaycan futbolunun xeyrinə deyil. Əlavə olunan iki legionerin əvəzinə iki 19 yaşlı oyunçu olardı. AFFA-da futbolun gələcəyini fikirləşən adam olsa idi, hər kluba bir veteran təyin etmək olardı. Onun kluba ancaq xeyri dəyərdi. Bu yaxınlarda qəzetdə yazmışdılar ki, “Neftçi”nin bir prezidenti, bir müavini, iki nəfər də müşahidəçi var. Bunlar nəyi müşahidə edirlər?
“Bu vəziyyət millətə arxadan zərbədir“
– Hazırda 4 klub – “Sumqayıt”, “Şamaxı”, “Səbail”, “Neftçi” – bunlar Elxanın klublarıdır. Qalanları nisbətən müstəqil klublardır. Eyni zamanda, “Kəpəz”, “Turan Tovuz” klublarını da Premyer Liqaya gətirmək istəyirlər. Bu, AFFA-nın neçə ildə gördüyü ən ağıllı işdir. Təki sayı artırsınlar. Çünki belə olmaz. Bu vəziyyət millətə arxadan zərbədir. 15 ildən çoxdur sübut olundu ki, müstəqillik bizim futbola anarxiya gətirir. Elxan Məmmədov peşəkar futbolu bilməyən dostlarını həm federasiyada, həm də klublarda iş başına gətirib.
“Rövnəq Abdullayevin vaxtı yoxdur ki, bu məsələlərlə maraqlansın“
– Rövnəq Abdullayevin vaxtı yoxdur ki, bu məsələlərlə maraqlansın. AFFA-nın vitse-prezidenti Rauf Əliyev gördü ki, Elxanın elədiyini ancaq erməni eləyər. Elşad Nəsirovdur, Elxanı himayə edir. Peşəkar futboldan xəbəri yoxdur. Regional federasiyada da Maşallah Əhmədov oturur. Özü regiondan gəlib. Bizim vaxtımızda belə biabırçı federasiya olsaydı, səni kim tanıyacaqdı? Yəni hər biri göz önündədir.
“Elmar Məmmədyarov hardan biləcək futbolu?“
– AFFA İcraiyyə Komitəsində futbolu bilən adam çox azdır. Elmar Məmmədyarov hardan biləcək futbolu? Elmar kimilər orada çoxdur. Onlar hörmətli ziyalılarımızdır, çox sağ olsunlar.
1983-cü ildə futbolu tapşırdılar Fuad Musayevə. Onun yaratdığı şərait ancaq “Dinamo” (Kiyev), Moskva “Dinamo”su, “Zenit” kimi komandalarda var idi. Yenə də qeyd etdiyim kimi, bu üçlük Fuad Musayevin yanından çıxdı. 20 qəpiklik vəzərini Fuad Musayevə 20 manatlıq vəzəri kimi qiymətləndirdilər.
“Futbol Azərbaycanda kriminaldır“
– Dövlət hər zaman əlindən gələni edib, yenə də edəcək. İlham Əliyev özü futbola önəm verir. İş burasındadır ki, hesabat yoxdur, görün, nə edirlər. Klublar futbolçularla iki müqavilə imzalayılar. Biri əsas, biri əlavə. Bunu dövlətə desələr, təbii ki, dövlət onları vergidən ayırar. Oyunçunu müqavilədən asılı edirlər. Çoxu da haqsızlığı görüb, danışa bilmir. Yəni futbol Azərbaycanda kriminaldır. Başda da Elxan Məmmədov durur. Özü də hər dəfə deyir ki, məni bura qoyan məndən razıdır. Guya onu ingilis dili bildiyinə görə rəhmətlik Ramiz Mirzəyevin oğlu AFFA-ya gətirib. Belə eşitmişəm. İngilis dilini bilib kömək eləmək istəyirdi, əksinə, yıxdı Azərbaycan futbolunu.
İnanırsız, Azərbaycan futbolunda olan pullar Gürcüstanda, ya da Ermənistanda olsa idi, onlar indi dünya çempionatının final mərhələsinə çıxmışdılar.
“Legionerlər hədsiz çoxdur“
– Futbolçularımız xaricdə də uğur qazana bilmir. Bunun əsas səbəbi ölkəmizdə olan legioner limiti ilə bağlıdır. Legionerlər hədsiz çoxdur. Bunlar kimə lazımdır? Azərbaycanda futbolun maddi bazası xaricə getməyə imkan vermir.
“Elxan Məmmədov Azərbaycan futbolunu 15 il geri salıb“
– Tez-tez sual verirlər ki, Qurban Qurbanov milliyə qayıda bilərmi? Xeyr, o gəlmək istəməz. Hələ ki, Elxan Məmmədovun əli AFFA-dadır, Qurban ora gəlməz. Qurban Qurbanov futbolda bu cür uğur qazanıbsa, Elxan Məmmədov Azərbaycan futbolunu 15 il geri salıb.
Bura Ançelottini, Qvardiolanı gətirsələr, onlar da heç nə edə bilməz. De Byazi 7 il Albaniyada işləyib. İtaliya aparıcı dünya, futbol ölkəsidir. 7 il Albaniyada işləməkdənsə, De Byazi gedib İngiltərədə və ya Fransada işləyərdi də.
“Bizim eyibimizi SSRİ futbolu örtürdü“
– Mənim imkanım olsa, FİFA-ya təşəkkür məktubu yazardım ki, Elxanı nə yaxşı ki, apardız. Kazbek Tuayevi də aparın, qalsın orda. Avropa futbolunu “abıra salsınlar”.
Bilirsiz, bizim eyibimizi SSRİ futbolu örtürdü. Orada qayda-qanun var idi. Nəticələr də yaxşı idi. Bizdə axır 14 ildəki kimi, biabırçılıqlar ola bilməzdi. Ümidvarıq ki, nə vaxtsa prezident futbol aləmini yığıb sual verəcək: bu pulları hara xərcləmisiz?
Eşitdiyimizə görə, Elxan Məmmədov bir şirkətlə müqavilə bağlayıb, Azərbaycana neçə milyon “Always” göndərəcək. O, futbola gəlməzdən əvvəl biznesi bununla bağlı idi.
Mehri Qurban
Bizi Facebook-da izləyin