Azərbaycan çempionatları tarixinin mütləq rekordu qeydə alındı
“Qarabağ” Azərbaycan Premyer Liqasının 30-cu turunda “Sabah”a uduzub (1:2).
Komanda.az xəbər verir ki, bununla da Qurban Qurbanovun yetirmələri 2022/23 mövsümündə ilk məğlubiyyətini yaşayıb. Nəticədə, “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb.
Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. 537 gün məğlub olmayan “köhlən atlar” sonuncu dəfə 2021-ci il oktyabrın 25-də “Səbail”ə uduzmuşdu (1:3).
Ötən mövsümün 20, cari çempionatın 29 görüşündə uduzmayan ağdamlılar bu müddətdə 40 qələbə qazanıb və 9 heç-heçə edib. Bu 49 oyunluq məğlubiyyətsizlik seriya Azərbaycan çempionatları tarixinin mütləq rekordudur. Yarışın tarixində 6 dəfə bir komanda 25-dən artıq görüşdə xal əldə edib.
Ən uzun məğlubiyyətsiz seriyalar:
1. “Qarabağ” – 49 (2021-23)
2. “Qarabağ” – 31 (2018-19)
3. “Kəpəz” – 28 (1997-98)
4. “Turan” – 27 (1992-93)
5-6. “Şəmklr” – 26 (2000-01)
“Neftçi” – 26 (2003-04)
Xatırladaq ki, bu qarşılaşmada həm də “Sabah”ın “Qarabağ”la matçlarda ilk qələbəsi qeydə alınıb. Əvvəlki 18 oyunda 6 heç-heçə və 12 məğlubiyyəti olan bakılılar uğursuz seriyaya 19-cu dueldə son qoyub.
Bizi Facebook-da izləyin