Azərbaycan çempionatları tarixinin 100-cüsü

Futbol üzrə Azərbaycan Premyer Liqasının 26-cı turunun bu gün keçirilən “Neftçi” – “Sumqayıt” oyunu debütlə əlamətdar olub.

Komanda.az xəbər verir ki, qonaqların 3:2 hesabıyla qalib gəldiyi matçı idarə edən Kamal Umudlu Azərbaycan çempionatının yüksək dəstəsində baş hakim kimi ilk oyununa çıxıb. Umudlu Azərbaycan çempionatları tarixinə 100-cü baş hakim kimi düşüb.

Gənc referi cari mövsümdə Premyer Liqada oyun idarə edən 14-cü hakimdi. Əvvəlki 25 turun 100 qarşılaşmasında 13 ədalət təmsilçisi baş hakim funksiyasını yerinə yetirib. Düzdü, onlardan biri – Rauf Allahverdiyev 17-ci turun “Keşlə” – “Sumqayıt” qarşılaşmasının (2:1) gedişində zədələnən baş hakim Rauf Cabbarovu əvəz etməklə debütünü gerçəkləşdirib. Həm Allahverdiyev, həm də 12-ci turun “Zirə” – “Sumqayıt” matçında (3:1) debüt edən Səbuhi Bayramov karyerasındakı ilk Premyer Liqa oyununa cari mövsümdə çıxıb. Kamal Umudlu bu iki həmkarından sonra debütü cari mövsüm rəsmiləşən 3-cü baş hakimdi.

Müxtəlif səbəblərdən nəticəsi ləğv olunan oyunların nəzərə alınmadığı statistikaya əsasən 100 referidən ibarət cədvələ Xaqani Məmmədov başçılıq edir. O, Azərbaycan çempionatlarında 293 oyunu idarə edib. İlk “üçlük”də yer alan Fariz Yusifov 291, Rövşən Əhmədov isə 253 görüşdə baş hakim olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button