Azərbaycan çempionatının ikinci mərhələsinin qalibləri bəlli oldu
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən çoxgünlük ötüşmələr üzrə ölkə çempionatının ikinci mərhələsinin qalibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, oktyabrın 7-də baş tutan ikinci mərhələdə idmançılar şose velosipedinin qrup ötüşməsi növündə mübarizə aparıblar.
Bütün yaş kateqoriyalarında velosipedçilərin iştirak etdiyi yarışa Gəncə şəhərindəki Heydər Əliyev Parkının önündən start verilib. Ümumilikdə 39 peşəkar və 9 həvəskar velosipedçinin qatıldığı bu mərhələdə qadınlar 42 km, kişilər isə 62 km məsafə qət edərək Göygöl Milli Parkında finişə çatıblar.
Qeyd edək ki, Göygöl Milli Parkı zonasında ilk dəfədir ki, belə böyük və möhtəşəm idman tədbiri keçirilib. Bu yarış yerli əhalinin də böyük marağına səbəb olub.
İkinci mərhələnin nəticələrinə əsasən, qadınlar arasında mübarizədə Radha Şabanova (ROEQİUGVM, 1:19.13) bütün rəqiblərini qabaqlayaraq birinci, onun ən yaxın izləyicisi Viktoriya Sidorenko (ROEQİUGVM, 1:22.44) ikinci, İradə Əbdürəhmanova (Təhsil RİM, 1:29.26) isə üçüncü yerdə qərarlaşıb.
Kişilər arasında yarışda isə Elçin Əsədov (Sakarya BB Pro Team, 1:55.21) qızıl, Musa Mikayılzadə (MSN, 1:55.21) gümüş, Kamran Mirzəxanov (ROEQİUGVM, 1:57.01) bürünc medal qazanıb.
Qeyd edək ki, oktyabrın 8-də Azərbaycan çempionatının üçüncü mərhələsində təşkil ediləcək dairəvi yarışa şəhər meydanından start veriləcək. Yarışda qadın idmançılar 40 km (10 dairə), kişi velosipedçilər isə 64 km (16 dairə) məsafədə mübarizə aparacaqlar.
Dördüncü mərhələdə (oktyabrın 9-da) Bakı – Ələt – Qazax – Gürcüstan yolundan R-19 istiqamətinə start götürməklə həm qadın, həm də kişi velosipedçilər 10 km məsafədə fərdi ötüşmə növündə güclərini sınayacaqlar.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçirilən dörd mərhələli Azərbaycan çempionatının birinci mərhələsində idmançılar dairəvi yarışda mübarizə aparıblar.
Bizi Facebook-da izləyin