
Azərbaycan brendi Avropa “vitrin”ində
Fəxri Rüstəmli
UEFA Çempionlar Liqasının liqa mərhələsində “Qarabağ”ın rəqibləri bəllidir. Və bu rəqiblərin adları elə ilk baxışdan hamını həyəcanlandırır.
“Qarabağ” bu mövsüm “Çelsi”, “Liverpul”, “Benfika”, “Napoli”, “Atletik”, Frankfurt “Ayntraxt”ı, “Ayaks” və “Kopenhagen”lə üz-üzə gələcək.
Bu adların hər biri futbol dünyasında bir məktəbdir, tarixdir. Və həmin komandalardan bəziləri artıq Bakı yollarını ölçəcəklər. Deməli, Tofiq Bəhramov adına stadion üçün böyük Avropa gecələri qışa kimi davam edəcək.
Bu püşk bir daha göstərdi ki, “Qarabağ” artıq qitə xəritəsində sıradan klub deyil. Bəli, rəqiblər çox güclüdür, amma çempionumuz heç vaxt asan təslim olanlardan olmayıb. “Atletiko”ya qol vurduğu, “Roma”ya meydan oxuduğu, “Marsel”i diz çökdürdüyü günlər yada düşür.
İndi isə qarşıda daha da böyük meydan var. Söz yox ki, rəqiblər də o deyil. Müasir futbol tam dəyişib. Hətta o qədər dəyişiklik var ki, bir il öncəki ilə müqayisə belə, işə yaramır. Hətta günbəgün, aybaay, saatbasaat hər şey dəyişir. Ötən ilki “Qarabağ”la bu ilkini müqayisə etsən, görərsən ki, nə qədər fərq var. Bir ilə bu qədər təcrübə…
Hər zaman tənqid atəşinə tutulan Nəriman Axundzadə, az qala hər oyun “qırmızı” ilə cəzalandırılan Elvin Cəfərquliyev… Bu uşaqlar böyüyüb artıq, inkişaf ediblər. Daha nə Elvin məlum hərəkətləri ilə “qırmızılar”a tuş gəlir, nə də Nəriman fütsətləri boşa verir. Hətta Axundzadə özü qol vəziyyətləri yaradır və Türkiyə türkləri demiş, “al da at” edir.
Hə, qələbələrə ac olan azarkeşlər hər fürsətdə qol istəyir: Nərimandan, Musadan, Kadidən, Zubirdən, Andradedən. Anlaşılan, başa düşüləndir.
“Enfild”də (adı gələndə belə, adamı ürpətmə tutur ki, “Qarabağ”ın “Enfild”də nə işi var?) “Liverpul”a qarşı səfər oyunu, “Dieqo Armando Maradona”da “Napoli”nin qarşısında mübarizə, “San Mames”də döyüş – bunların hər biri qarabağlı futbolçular üçün həm sınaq, həm də şərəfdir. Amma ən böyük həyəcan Bakıda olacaq. Minlərlə fanat “Çelsi”yə, “Ayaks”a qarşı oyunları canlı izləyəcək, bəlkə də, “futbolda mümkün olmayan heç nə yoxdur” deyib, inamla tribunaları silkələyəcək.
Məsələ ondadır ki, “Qarabağ” artıq sadəcə bir klub deyil, Azərbaycanın Avropadakı ümididir. Bu liqa mərhələsi bizim futbol üçün həm təcrübədir, həm də imtahan. Burada qazanılan hər xal, vurulan hər qol, aparılan mübarizə tarixə yazılacaq.
Bizi Facebook-da izləyin



