
Azər Həşimov: “Heç kim “Karvan”dan asanlıqla xal ala bilməyəcək”
Bu gün Azərbaycan Premyer Liqasının 2025/26-cı il mövsümünə start verilib.
İlk turun açılış matçında “Karvan-Yevlax” ev sahibi qismində Şamaxı şəhər stadionunda “Qəbələ”ni qəbul edib.
Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra Yevlax təmsilçisinin baş məşqçisi Azər Həşimovun mətbuat konfransı keçirilib. Həşimov ilk oyunun hər zaman çətin olduğunu bildirib:
“İlk oyun hər zaman çətin olur. Qarşılaşma bərabər mübarizə şəraitində keçdi. Bu gün bir xal qazandıq. “Qəbələ”yə uğurlar arzulayıram.
Hər bir komandaya qarşı əzmkar komanda hazırlamağa çalışmışam. Futbolçu olarkən də həmişə çəkinmədən mübarizə aparmışam. İndi də məşqçi kimi bunu davam etdirməyə çalışıram. Baş məşqçi kimi ilk oyunum idi və çalışdım ki, komandam əzmkar oyun nümayiş etdirsin, xal və xallar qazanaq. Onu da deyim ki, heç kim “Karvan”dan asanlıqla xal ala bilməyəcək.
Qarşımıza qoyulan hədəf Premyer Liqada yerimizi qorumaq və hər komandaya qarşı əzmkar heyət formalaşdırmaqdır”.
“Karvan-Yevlax” növbəti turda qonaq qismində “Kəpəz”lə qarşılaşacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



