Azər Bağırov: “Oyunu kənardan izləmək çox çətin idi”
“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 21-ci turunun açılış matçında “Sabah”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçdan sonra 3:2 hesabı ilə qalib gələn Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı baş tutub. Bağırov çox gərgin mübarizə getdiyini deyib:
“Bu gün bir şey sevindirir ki, komandam axıra kimi mübarizə aparır. Hesabda geri düşməyimizə baxmayaraq, sona qədər vuruşuruq. Qələbə qazanmaq üçün axıra kimi döyüşürük. Bu gün çox gərgin mübarizə getdi.
Oyunu kənardan izləmək həqiqətən çox çətin idi. Həm rəqibdən, həm hakimdən təzyiq olanda emosiyalara daha çox qapılırsan.
Tarixdə “Sabah” üzərində ilk qələbəmiz olduğunu bilirdim. Sevindirici haldır. Bir növ “Kəpəz” azarkeşlərinə hədiyyədir.
Qarşıda hələ 15 tur var. Qələbələr qazansaq, yuxarı pillələrdə qərarlaşa bilərik.
Azarkeşlərimizə təşəkkür edirəm. Mənə görə futbol azarkeşlərlə daha gözəldir. Bu gün də tribunalardan dəstək hiss edirdik. Evdəki qələbələrimizdə belə desək, onların da payı var”.
Azər Bağırov cəzalı olduğu üçün oyunu tribunadan izləyib.
“Kəpəz” növbəti turda səfərdə “Araz Naxçıvan”la üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin