“Mən də “Kəpəz”də olsam, belə nəticələrə görə məni də istefaya çağırarlar” – MÜSAHİBƏ

“Kəpəz”in sabiq futbolçusu, bir dönəm komandada köməkçi məşqçi kimi də çalışan Vidadi Rzayev Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– “Kəpəz” cari mövsümə də uğursuz start verib. Sizcə, bunun səbəbləri nələrdir?

– “Kəpəz” Premyer Liqaya vəsiqə qazanandan bu ənənə davam edir. Bu il də uğursuz nəticələr, yəni, başqa sözlə, bunların hamısı davam edir. İlqar Nadirinin (“Kəpəz”in İdarə Heyətinin sabiq sədri, hazırda klubda əməliyyatlar üzrə rəhbər) vaxtından belə gəlir. “Kəpəz” Premyer Liqaya çıxanda Yaşar Vahabzadə ilə uğursuz start verdilər və Tərlan Əhmədov gəlib komandanı saxladı. Ardınca Azər Məmmədov getdi, Adil Şükürov gəldi komandanı Premyer Liqada saxladı. Yenə Adil Şükürov çempionata uğursuz start verdi, Azər Bağırov gəldi saxladı. Bu tendensiya davam edir. Onun da problemləri nədədir – yəni, klubun içində bilinir. Komandanı Premyer Liqada saxlayan məşqçini saxlamırlar, göndərirlər, baş məşqçini dəyişirlər. Bu sualı klub rəhbərlərinə versəz… Məncə, orada adlar dəyişir, yerlər yox.

– İlk oyunlar “Kəpəz”in transferlərinin keyfiyyətsiz olduğunu göstərdi. Bu transferlərə görə sizcə, kim məsuliyyət daşımalıdır?

– Günahkar kimdir, məsuliyyəti kim daşımalıdır dedikdə, yenə deyirəm, ordakı problemləri, çətinlikləri bilmirəm. Amma legioner limitindən də maksimum istifadə ediblər. “Neftçi”dən icarəyə futbolçu götürüblər, legioner sayı da çoxdur. Uğursuz transferlər dedikdə, günahkarı yenə deyirəm, ola bilər ki, maliyyə tərəfindən nəsə sıxıntılar olsun, problem olsun. Amma bir belə legioner götürməyin də mənası yoxdur. 13-14 deyil, 7-8 yaxşı legioner götürmək olardı. Qalanları da, yerli uşaqlar da onsuz oynayır. Onlarla kompensasiya etmək olardı. Keyfiyyətsizdirsə, o futbolçuları gətirən və bir də onları götürən məşqçilərdədir günah. Başqa kimdə olar ki? Orada kim futbolçuları götürür, qərarı kim verir, necə verir, bilmirəm. Bldiyimə görə, Erkin müəllim (klubun İdarə Heyətinin üzvü, həm də menecer olan Erkin İbrahimov) futbolçuları gətirir, baş məşqçi, məşqçilər heyəti baxır, bəyənirlər, götürürlər. Deyirlər ki, 4-5 turdan sonra komanda düzələcək, düzələcəksə, əla, yaxşı. Yox, düzəlməyəcəksə, onda, deməli, uğursuz transferlərdir. Uğursuz transferlərin də günahkarı gətirən menecer, götürən məşqçilər heyətidir. Mənim özüm orada olsam, uğursuz transfer etsəm, yəni, bir-iki uğursuz transfer etmək olar. 10 transferin ikisində səhv edirsənsə, uğurlu sayılır. Yox, 10-dan 4-də, 5-də səhv edirsənsə, yanılırsansa… Adil müəllim özü də deyib ki, futbolçuların məşqdə etdikləri hərəkətləri, məşqlərdə gördüyüm performansı oyunda görmürəm. Yəqin ki, çalışıb düzəldərlər. Amma günahkar, yenə deyirəm, futbolçunu gətirən klubun meneceri Erkin müəllimdir və bir də məşqçilər heyətidir, çünki onlar bəyənib götürüblər. Yəni, uğursuz olacaqlarsa.

– Uzun müddət Gəncə futbolunun içində olan biri kimi, hazırkı durumu necə şərh edərdiz?

– Hazırkı durumu şərh etməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Üç oyun, 11 top buraxılıb, 2-sini vurublar. Bunu şərh etməyə ehtiyac yoxdur. Uğursuz startdır. Yəqin ki, belə davam etməz. Əvvəllər də demişdim, “Kəpəz” Premyer Liqada qalacaq, amma indi bilmirəm bu oyunla, belə “dişsiz” çıxışla bunu nə dərəcədə bacaracaqlar. Məşqçilərdən çox şey asılıdır. Onlar var gücü ilə çalışmalıdır ki, komanda Premyer Liqada qalsın. Yox, uğursuz nəticələr davam edəcəksə, artıq o klub rəhbəliyinin öz işidir. Qərarı onlar verə bilərlər. Əlbəttə ki, ürəkaçan başlanğıc deyil.

– Azarkeşlər rəhbərliyin və baş məşqçi Adil Şükürovun istefasını tələb edirlər sosial şəbəkədə. Sizcə, onlar haqlıdır?

– “Kəpəz” elə bir klubdur ki, hamı uğur gözləyir. Yenə deyirəm, ola bilər maliyyə baxımından bir az zəiflik var, yəni, maliyyə çox şeyi həll edir. Onların da istefasını tələb etmək… Belə deyim, heç kimin xətrinə dəyməsin, mən də orda olsam, belə nəticələrə görə məni də istefaya çağırarlar. Və ya, başqa məşqçi olsun. Adil müəllim olmasın, başqası olsun, ona da “istefa” deyəcəklər ki, üç uğursuz və dişsiz oyun… Meydanda döyüşkən bir komanda görmədilər. Hamı deyir ki, döyüşkən komanda deyil. Məğlub olmaq olar, amma belə – “əlimi aşağı salıb, məğlub oldum” yox. Ən azından meydanda mübarizə aparmaq lazımdır. Yəni, döyüşkən bir komanda ilə uduzmaq olar, kim deyir ki, uduzmasın? Heç kim sığortalanmayıb məğlub olmaqdan. Amma döyüşüb uduzmaq ayrı şeydir, belə laqeyd kimi uduzmaq ayrı. Ona görə də, istefaya çağırmaları – onlar “Kəpəz”dən yaxşı nəticələr gözləyirlər. Hər bir azarkeşin haqqıdır bunu istəmək. Rəhbərlikdə də, əvvəl deyirdilər ki, İlqar Nadiri getsin. Yenə deyirəm, orda adlar dəyişdi, yerlər olduğu kimi qaldı. İlqar Nadiri getsin, düzələcək, ya nə olacaq… Hələ ki, düzələn bir şey yoxdur, eyni ssenaridə davam edə-edə gəlir. Dediyim kimi, “Kəpəz” Premyer Liqaya çıxandan bəri eyni qaydada davam edir məşqçi dəyişiklikləri. Əlbəttə ki, heç bir məşqçinin istefasını istəmirəm. Amma təəssüflər olsun ki, məşqçinin çemodanı əlindədir, yəni, uğursuz nəticələr davam etsə, məcburi getməlidir. Lakin heç birinin istefasının tərəfdarı deyiləm. Sadəcə olaraq, uğurlar arzulayıram ki, komandanı düzəltsinlər, yaxşı çıxış etsinlər, işlərinin başında olsunlar və davam etsinlər.

– Sosial şəbəkədə, ictimaiyyət arasında ötən mövsümün sonunda komandadan göndərilən Azər Bağırovun “komandada haqqı var” fikrini səsləndirənlərə rast gəlirik. Siz necə düşünürsüz?

– Siz tək Azər Bağırovu qeyd edirsiz. Yox, Tərlan Əhmədov da komandanı Premyer Liqada saxladı. Bəs, mən ona görə deyirəm ki, bunlar ənənəni davam etdirir. Yəni, məşqçilər yenə deyirəm, 5-6 ay gəlir, komandanı Premyer Liqada saxlayır, sonra çönüb olur pis. Elə şey olmur. Ən azından Tərlan Əhmədov da Azər Bağırov kimi komandanı Premyer Liqada saxladı, sonra müqaviləsinin müddəti artırılmadı. Tərlan müəllim getdi, Azər Məmmədov gəldi. Məmmədovun dönəmində uğurlu çıxış edə bilmədilər, o getdi, Adil Şükürov gəldi. Adil Şükürov gəlib komandanı Premyer Liqada saxladı, uğur qazandı. Yeni mövsümə Adil Şükürovla başladılar, transferləri özləri etdilər. Və yenə uğursuz nəticələr, səhv etmirəmsə, 6 turdan sonra Adil Şükürov da getdi. Azər Bağırov gəldi, komandanı Premyer Liqada saxladı və o, da eynən Tərlan Əhmədovun aqibətini yaşadı. Mən onlarla Gəncədə görüşəndə də (klub rəhbərliyini nəzərdə tutur) dedim ki, Azər Bağırovu saxlamaq lazımdır. Namiq müəllim (klubun İdarə Heyətinin sabiq sədri Namiq Qədirov) sonra istefa verdi, çıxdı. Yəni, bizimlə – futbol veteranları ilə Gəncədə görüşəndə demişdim ki, Azər Bağırovu saxlamaq lazımdır, çıxartmağa ehtiyac yoxdur, uğur qazanıb. Hə, uğur qazana bilməsə, göndərmək olar. Amma Azərə də şans vermədilər, Tərlan müəllimə də. Bu nədən irəli gəlir, mən də bilmirəm. Bu sualı Azər Bağırova və Tərlan Əhmədova versəz, daha yaxşı olar. Amma hər ikisi işinə davam etməli idi. Hə, uğursuz nəticə olsaydı, istefa verib özləri çıxıb gedərdi. Azər Bağırovun qalmağının tərəfdarı idim. Saxlamadılar, çıxartdılar. Bu sualı “Kəpəz”in indiki rəhbərliyinə ünvanlamaq olar ki, Azər Bağırovla iş birliyini niyə davam etdirmədiz. Nəyə görə Azər Bağırov getdi? Və ya Tərlan Əhmədov nə üçün ayrıldı? Tərlan müəllim bu haqda çox danışıb. Hər halda, yenə deyirəm, ora İlqar Nadirinin yeri deyil. Təzə rəhbərlik də, bilmirəm, Azər Bağırovun komandadan getməsinin səbəkarı bəlkə də, onlardır. Onlar cavab verə bu suala ki, Azər Bağırovla nədə razılaşmadız, nəyə görə getdi. Hər halda Fərman müəllim, Erkin müəllim bu suala cavab verə bilər.

– Futbolçu və məşqçi kimi “Kəpəz”də keçirdiyiniz illərlə indikini necə müqayisə edərdiz?

– “Kəpəz”də futbolçu kimi çıxış edəndə, əlbəttə, iddialı komanda idik. O dönəmdə demək olar ki, hamı Gəncədən olan futbolçular idi. Həmişə iddialı komanda olmuşuq. Bir tərəfdən xoşbəxtəm ki, iddialı komandada oynamışam. Futbola Gəncədə – “Kəpəz”də SSRİ çempionatının 2-ci divizionunda başlamışam. İlk addımlarımı orda atmışam. SSRİ dağıldıqdan sonra milli çempionatımızda da “Kəpəz”də oynamışam. Derbi dedikdə “Kəpəz” – “Neftçi” oyunları yada düşürdü. İndi dəyişdi, o derbidən əsər-əlamət qalmadı. Oldu “Neftçi” – “Qarabağ”. Amma o dönəmlərdə “Kəpəz”lə “Neftçi” matçları derbi sayılırdı. Məşqçi kimi isə, əfsuslar olsun ki, Kəpəz” elə o gördüyümüz “Kəpəz”dir. Ondan sonra elə bir uğuru yox, heç bir şey yox. Nə Azərbaycan kubokunun sahibi olub, nə Avroliqaya, Konfrans Liqasına düşür. İndiki dönəmlə o vaxtı müqayisə etmək olmur. Mən oynadığım dönəm tamam başqa idi. Məşqçi kimi də işləmişəm, təəssüflər olsun ki, az işləmişəm. Son dönəmdə də Tərlan müəllimlə işlədik. Yenə deyirəm, komandanı Premyer Liqada saxladıq, sonrakı ilə şans vermədilər, müqaviləmizin müddətini artırmadılar. Necə ki, Azər Bağırovun aqibəti, Tərlan Əhmədovunku ilə eynidir. Məşqçi kimi elə uğurlu nailiyyətlərimiz olmayıb. Əfsuslar olsun ki, komanda elə sürünə-sürünə Premyer Liqada qalmaq üçün yarışır. Yenə deyirəm, azarkeşlər onu qəbul edir, etmir, bilmirəm, futbol veteranları qəbul edir, etmir bilmirəm, amma ən azı hamı iddialı bir “Kəpəz” görmək istəyir. Təəssüf ki, onu da görə bilmirik. Hələ ki, heç kim görmür. Mənim özüm işlədiyim dönəmdə də iddialı bir “Kəpəz” olmadı. Onun da hamısı mənə elə gəlir ki, transferlərdə. Nə isə… “Kəpəz” çempion olduqdan sonra 4-5 il Gəncədə futbol olmadı. Ardınca birinci dəstə, divizion. İndi Premyer Liqaya çıxandan heç bir uğur yoxdur. Eləcə Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Vəssalam. Bu da bizim “Kəpəz”imiz.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button