“Azarkeşlərin fitə basması Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir”
Estoniya yığmasının baş məşqçisi Tomas Heberli AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə iki qol buraxmaq çox idi. Biz də pis oynamadıq, şanslarımız oldu. İkinci hissədə daha yaxşı çıxış etdik. Amma qol vurmasanız, vəziyyəti dəyişməyiniz mümkün deyil. Hələ püşkatma zamanı beşinci səbətdə idik. Yəni güclü qrupa düşdüyümüzü öncədən bilirdik. Noyabrda Avstriya və İsveçə qalib gəlsək, hər kəs komandanın tarixindəki ən mühüm qalibiyyətdən bəhs edəcək. Belə ağ-qara yanaşma kifayət qədər bezdiricidir”.
İsveçrəli mütəxəssis azarkeşlərin onları fitə basmasından narazılığını bildirib: “Düşünürəm ki, gözləntilər və reallıq tarazlıqda deyil. Komandamız sona qədər “döyüşdü”. Amma haradan gəldiyimizi düşünməliyik. Biz bunu qəbul edib, təvazökar olmalıyıq. Fasilədə və oyundan sonra azarkeşlərin fitə basması İsveç, Avstriya, Azərbaycan kimi rəqiblərə hörmət etmədiyimizi göstərir. Azarkeşlər fitə bassalar belə, işimizə davam edəcəyik”.
Bizi Facebook-da izləyin