Azad Rəhimov – olduğu kimi
Rəşad Ergün
Gənclər və idman naziri Azad Rəhimov ağır xəstədir (öldüyü də iddia olunur). Üzülürükmü? Yox.
Bakıda keçirilən Formula 1 yarışlarını rəsmən ailə biznesinə çevirdi, oğlu Arif Rəhimovu bu biznesin başına gətirdi.
Ölkənin müxtəlif şəhər və rayonlarında inşa edilməsinə milyardlarla manat vəsait xərclənən olimpiya idman komplekslərinin qapıları ya sadə camaatın üzünə bağlandı, ya da əxlaqsızlıq yuvasına çevrildi.
Ölkədə elə bir idman sahəsi yoxdur ki, orda gələcəyə hesablanan, inkişafa doğru planlı iş görülsün. Müxtəlif idman növlərində kütləvi şəkildə əcnəbi idmançılara Azərbaycan pasportunun verilməsi, süni şəkildə inkişaf görüntüsü yaratmaq, medal qazanmaq üçün hər yola əl atmaq – bunlar da Azad Rəhimovun nazirliyi dövrünün eskizləridir.
Mətbuatla münasibətdə ayrı-seçkilik, əl altından bəzi media orqanlarını maliyyələşdirib, dövlət əhəmiyyətli tədbirlərə, yarışlara sadəcə həmin media qurumlarının mənsublarını dəvət etmək, başqalarını görməzdən gəlmək – bu da Azad Rəhimovun nazirlik dönəminin illərdir izlənən kadrlarıdır.
Qohum, ata, oğul, qardaş Azad Rəhimovu itirmək yəqin ki, doğmaları üçün ağır itki olar (bunu arzulamıram da). Amma gənclər və idman naziri Azad Rəhimovun yoxluğu Azərbaycan idmanı üçün itki olmaz, əksinə, bəlkə də, gələcək naminə kiçik, lap kiçik ümid işartısı olar. Hər kəsi və hər şeyi adıyla çağırmaq lazımdır. Ki, təyinat aldığı vəzifəni özü, yaxınları üçün yağlı obyekt sayan, xalqdan oğurlayan başqa nazirlər, məmurlar da bəlkə, insafa gələ.
Bizi Facebook-da izləyin