Azərbaycansayağı novatorlar

Rəşad Ergün

Dönüb geriyə, 2021-ci ildə ölkənin idman həyatında baş verənlərə baxırsan, görürsən ki, maşallah, il bərə… pardon, hərəkətli keçib.

Azərbaycan Futbolunun Faciələrinin Atası (AFFA) milli komandanın baş məşqçisi ilə yeni müqavilə bağlayıb. Beləcənə, italiyalı Canni De Byazi daha bir il ölkəmizdə qalacaq, suyumuzdan içəcək, dolmamızdan, xəngəlimizdən yeyəcək. Bu müddətdə Azərbaycan milli komandası nə yeyəcək, onu da qarşıdakı oyunlar göstərəcək. Son bir ildə De Byazinin başçılığı altında milli komanda rəqiblərindən o qədər qol, məğlubuyyət yedi ki, 2022-ci ildə “menyu”da dəyişiklik olmasa, partlamaya düşər. Allah qorusun!

Azərbaycanın gənclər və idman nazirliyində də yeni nazirin təyinatı son günlərini yaşadığımız ildə baş tutdu. Boyuna-posuna görə MBA-da istənilən basketbol komandasının formasını geyinməyə real namizəd olan Fərid Qayıbovun iddiaları və iştahları boylarından min metr yüksəkdə duran nazirlərlə necə dil tapacağı da sual altındadır. Axı Azərbaycanın demək olar ki, bütün idman federasiyaları müxtəlif nazirlərə, məmurlara tapşırılıb. Həm də, o nazirlərə, məmurlara ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev futbol haqda nə qədər bilirsə, onlar da rəhbərlik edəcəkləri idman növləri barədə o qədər bilirlər. Yəni ölkənin idman təsərrüfatının işi əvvəlcə boyunlarının yoğunluğu, qarınlarının böyüklüyü ilə düşmən gözü çıxaran nazirlərə, məmurlara, sonra da Allaha qalıb. Allah qorusun!

Bir də, 2021-dən 2022-yə gedən yorğun, bitkin, ümidsiz azarkeş kütləsi var. Onlar yeni ilə AFFA prezidenti Rövnəq Abdullayevlə, icraçı vitse-prezident, baş katib Elxan Məmmədovla, həmin Canni De Byazi və onun Avropanın futbol meydanlarında tapdalanmaqdan, əzilməkdən əzik-üzük olan milli komandası ilə gedirlər. Allah qorusun!

Xülasə, baxırsan ki, geridə qoymaqda olduğumuz ildə çox şey yenilənib, dəyişib, yeni müqavilələr bağlanıb, yeni təyinatlar olub. İntəhası, bir az daha diqqətlə baxanda görürsən ki, bizdə hətta yenilənmə, dəyişmə də imitasiyadır. Biz yenilənmənin, dəyişmənin də saxtasını düzəldirik. Köhnə adamlar, köhnə sistem, yeni müqavilələr, yeni təyinatlar.

Allah qorusun!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button