“Azərbaycanlılar serblər və ya yunanlar kimi futbol fanatı deyillər” – Velebit
“Burda çatışmayan yeganə şey futbolçuların keyfiyyəti və sayı ilə bağlıdır. Baza yüksək deyil. Onun da keyfiyyətini yetərli saymaq olmaz. Ona görə də kim bir az yaxşıdırsa, onun uğrunda mübarizə aparırsan”.
Komanda.az xəbər verir ki, bu sözləri Azərbaycanın U-19 milisinin baş məşqçisi Miloş Velebit ölkəsi Serbiyanın “Sportklub” nəşrinə müsahibəsi zamanı deyib.
O, Azərbaycanın yeniyetmə futbolunun problemləri haqda danışarkən bunları söyləyib:
“Serbiyada 17-19 yaş arası 12 min futbolçu qeydiyyatda varsa, Azərbaycanda bu rəqəm cəmi 250-dir. Yəni Serbiyada baza 60 dəfə çoxdur. Ona görə də futbolçu seçimi zamanı çox diqqətli olmalısan. Əgər istedadlı futbolçu üzə çıxıbsa, hər şey etməlisən ki, onu itirməyəsən. Əks halda bu il elə birisi qarşına çıxmaya bilər”.
Məşqçi, işlədiyi ölkələrlə Azərbaycan futbolunu müqayisə edib:
“Yunanıstanda yüksək səviyyəli Avropa futbolu var. Azarkeşlər öz komandalarının əsl fanatlarıdırlar. İlk növbədə “Olimpiakos”u, PAOK-u, AEK-i, “Panatinaikos” və “Aris”i qeyd edə bilərəm. Ötən mövsüm Azərbaycan Premyer Liqasında 8 komanda yarışırdı. Yeni mövsümdən isə klub sayı 10-a qaldırılıb. Bir də aşağı liqada 5 və 8 əvəzedici komanda çıxış edir. Burada futbol çox parlamayıb. Azərbaycanda daha çox fərdi idman növləri birinci plandadır ki, həqiqətən də nəticələrinə həsəd aparmaq olar. Əsasən, böyük ənənələri olan boks və güləşi qeyd edə bilərəm. Azərbaycanda insanlar futbolu sevirlər. Amma onlar Serbiya və ya Yunanıstandakı kimi fanat deyillər”.
Velebit AFFA ilə müqaviləsinin bu ilin dekabrında başa çatacağını da söyləyib:
“Mənim 2 illik müqaviləm vardı. Sonra onu daha 2 il uzatdıq. Baxaq, görək, bu seçmə mərhələ necə keçəcək. Bunun nəticəsindən çox şey asılıdır. Əlbəttə, mənim Serbiya futboluna qayıtmaq istəyim var”.
Bizi Facebook-da izləyin