Rafiq Hüseynov: “Mənim üçün bundan böyük qələbə yoxdur”
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması barədə fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Hüseynov, olimpiya medalı qazandığı üçün çox sevincli olduğunu deyib:
“Çox sevinirəm ki, nəhayət, olimpiya medalını aldım. Çoxdankı arzum idi. Bilirsiz ki, bütün medallarım var idi. Hər dəfə bir şey olurdu, iştirak edə bilmirdim. Şadam ki, bu dəfə lisenziya qazandım və olimpiadaya qatılıb. medal qazandım”.
3-cü yer uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyana qalib gələn Avropa çempionu rəqiblərinə fərq qoymadığını bildirib:
“Bu, idmanda düzgün yanaşma deyil. Erməni udanda qəhrəman olursan. Onda belə çıxır ki, uduzanda gərək xalq düşməni olasan. Əsas odur ki, medal qazanmışam. Mənim üçün bundan böyük qələbə yoxdur. Bu, atamın qələbəsidir”.
Olimpiadadakı çıxışını dəyərləndirən Hüseynov, ilk görüşünün ağır keçdiyini söyləyib:
“Bildiyiniz kimi, son dünya ikincisi isveçli Aleks Kessidislə qarşılaşdım. Olimpiya oyunlarının qaydalarına əsasən, 1/8 finaldan dərhal sonra 1/4 final görüşü başlayır. Döşəkdən çıxdım, üç qarşılaşmadan sonra yenə qayıtdım. İkinci rəqibim olan qırğızıstanlı Akjol Mahmudov da zəif deyildi. Bərpa oluna bilmədim. Onun ilk görüşü yüngül idi. Tunisli idmançı ilə qarşılaşmış, vaxtından əvvəl qələbə qazanmışdı. Ona görə dünənki görüşlərim istədiyim kimi alınmadı. Bu gün səhvimi düzəltməyə çalışdım”.
O, bürünc medalın “qızıl”ın yerini vermədiyini vurğulayıb:
“Amma əsas komandaya medal qazandırmaqdır. Bilirsiz ki, güləşçilərdən çox şey gözləyirlər. Xalqımızın dediyi kimi, ağır artilleriyamız, xüsusi təyinatlılarımızın görüşləri hələ qarşıdadır. Hacı Əliyev, Şərif Şərifov, Turan Bayramov, Mariya Stadnikin də medal qazanmalarını gözləyəcəyik”.
Bizi Facebook-da izləyin