Azərbaycanın üç güləşçisi Avropa çempionu oldu
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə 60, 67, 72, 82 və 97 kq-da yer alan yunan-Roma güləşçilər çıxış edib.
Mübarizəyə 1/4 finaldan qoşulan Elmir Əliyev (60 kq) türkiyəli Mert İlbarsla gərgin keçən görüşdə əzmkar qələbə qazanıb – 6:5. Həmyerlimiz yarımfinalda gürcüstanlı Dimitre Xaçidzeni üstələyib – 7:1. Elmir finalda israilli Melkamu Fetene ilə qarşılaşıb və rəqibinə 5:3 hesabıyla qalib gələrək Avropa çempionu olub.
Həsən Məmmədli (67 kq) debütdə israilli Mixail Portmanna heç bir şans tanımayıb – 10:1. Güləşçimiz 1/4 finalda türkiyəli Mustafa Yıldırıma məğlub olub – 2:4. Ancaq rəqib finala yüksəldiyi üçün Həsən bürünc medal uğrunda bolqarıstanlı İvo İliyevlə güləşib. Gərgin keçən qarşılaşmadan 8:10 hesablı məğlubiyyətlə ayrılan Məmmədli 5-ci yerlə kifayətlənib.
Qurban Qurbanov (72 kq) ilk mərhələdə xorvatiyalı Luka Malobabiçi vaxtından əvvəl xalçadan məyus yola salıb – 8:0. Qurbanov 1/8 finalda rumıniyalı İqor Botezdən güclü olub – 6:0. Qurban 1/4 finalda finlandiyalı Coni Komppaya qalib gəlib – 4:1. Yarımfinalda gürcüstanlı Giorgi Çixvadzeylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən (1:1) rəqibini üstələyən güləşçimiz adını finala yazdırıb. Qurbanov həlledici qarşılaşmada ukraynalı İrfan Mirzoyevə heç bir şans tanımayıb. Rəqibinə tam üstünlüklə (8:0) qalib gələn Qurban ölkəmizə 2-ci qızıl medalı qazandırıb.
İsmayıl Rzayev (82 kq) 1/8 finalda Norveç təmsilçisi Eksaus Mukubuya uduzub – 0:9. Ancaq rəqib finala yüksəldiyi üçün güləşçimiz bürünc medal uğrunda mübarizəni davam etdirmək şansı əldə edib. Rzayev təsəlliverici görüşdə polşalı Adam Qardziolaya uduzub – 0:9.
Murad Əhmədiyev (97 kq) debütdə serbiyalı Luka Katiçə qalib gəlib – 7:2. Pəhləvanımız 1/4 finalda ukraynalı Aleksandr Yevdokimovu məğlub edib – 5:2. Əhmədiyev yarımfinalda almaniyalı Lukas Lazogianisi 7:4 hesabıyla üstələyərək finalda macarıstanlı Aleks Şokeyə rəqib olub. Həlledici görüş çox çəkməyib. Rəqibini əks-fənddə yaxalayan Murad “tuş”la qalib gələrək Avropa çempionu olub.
Bizi Facebook-da izləyin