Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionu oldu!
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Komanda.az xəbər verir ki, millimiz qitə birinciliyində tarixi uğura imza atıb.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi yarışa tam heyətlə yollanan yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Abubakr Abakarov (86 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıb.
Yekunda 159 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub! Maqomedxan 25, Əliabbas, Hacı, Əşrəf və Abubakr 20, Turan və Osman 15 xalı komandamızın hesabına yazıb. Zirəddin Bayramov yığmamıza 10, Aydın Əhmədov 8, İslam Bazarqanov isə 6 xal qazandırıb.
Azərbaycan 2-ci pillədə qərarlaşan Türkiyəni 18 xal qabaqlayıb. Üçüncü yeri tutan Gürcüstan isə 133 xal toplayıb. Beləliklə, sərbəst güləş üzrə yığmamız 3-cü dəfə Avropanın ən güclü komandası ünvanına sahib çıxıb. Xatırladaq ki, millimiz 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə və 2017-ci ildə Serbiyanın Novi Sad şəhərində təşkil olunan analoji yarışlarda da qitə çempionu olub.
Qeyd edək ki, bu, sərbəst güləşçilərin son 1 ayda ikinci uğurudur. Martın 7-13-ü tarixlərində Bolqarıstanın Plovdiv şəhərində baş tutan U-23 Avropa çempionatında da müvafiq millimiz komanda hesabında 1-ci yeri tutmuşdu.
Bizi Facebook-da izləyin