Azərbaycanın iki güləşçisi üçün bürünc medal şansı
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, üçüncü yarış günündə 3 qadın güləşçimiz xalçaya çıxıb.
Aysel Məmmədzadə (50 kq) 1/8 finalda türkiyəli Fatma Kızmaza 0:6 hesabıyla məğlub olub.
Nərgiz Səmədova (55 kq) çinli Liuxuan Çeni (18:13) mübarizədən kənarlaşdırdıqdan sonra 1/4 finalda monqolustanlı Xaliun Byambasurenə 2:6 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Nərgiz sabah təsəlliverici görüşdə kanadalı Madisin Qrofla güləşəcək.
Ruzanna Məmmədova (59 kq) polşalı Nikola Vasilevskaya “tuş”la, çinli Yifan Juya isə 4:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında yaponiyalı Sakura Onişiylə bacarmayıb – 0:10. Ruzannanın bürünc medal uğrunda qarşılaşmada rəqibi Yelena Kurova (AİN) – Komal Komal (Hindistan) görüşünün qalibi olacaq.
Bizi Facebook-da izləyin