Azərbaycanın iki güləşçisi DÇ-nin finalında
İordaniyanın Amman şəhərində güləş üzrə U-17 dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, mundialın ikinci günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Şahid Nəbiyev (45 kq) misirli Mohamed Eltayebə tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda ermənistanlı Marat Atşemyana (0:9) məğlub olub. Nəbiyev təsəlliverici görüşdə iranlı Əhməd Badraddini ilə güləşəcək.
Turan Daşdəmirov (51 kq) hindistanlı Sainat Pardi (5:1), amerikalı Domenik Munaretto (9:0) və qazaxıstanlı Yerassil Mussana (4:1) qalib gələrək ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib. Daşdəmirov həlledici görüşdə qırğızıstanlı Kutman Kalbayevlə üz-üzə gələcək.
Ayxan Cavadov (60 kq) ukraynalı Vadim Matrosla (4:3) gərgin keçən görüşdə sevinən tərəf olub – 4:3. Həmyerlimiz qazaxıstanlı Dosbol Şamili (2:2) xalların keyfiyyətinə görə üstələyib. Cavadov yarımfinalda amerikalı dünya çempionu Pol Raniyə də 2:1 hesabıyla qalib gələrək adını finala yazdırıb. Ayxan titul uğrunda gürcüstanlı Vaxtanq Lolua ilə mübarizə aparacaq.
Yusif Əhmədli (71 kq) türkiyəli Kuzey İldemə tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı Vladislav Bırlyaya sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub. Əhmədli təsəlliverici görüşdə amerikalı Jozef Jeterlə güləşəcək.
Səid Paşayev (92 kq) yunanıstanlı Nikolaos Kavananosa tam üstünlüklə (8:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Süleyman Bakıra “tuş”la uduzub.
Bizi Facebook-da izləyin