“Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik” – Nazim Süleymanov
Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə görüşləri davam etdirirlər.
Komanda.az xəbər verir ki, növbəti belə görüş İmişli rayonunda keçirilib. Bu barədə məlumatı təşkilatın sədri Nazim Süleymanov verib. Süleymanov bildirib ki, təşkilatın məram və məqsədi ilə bağlı məlumat vermək üçün İmişliyə səfər ediblər:
“Bilirsiz ki, İmişlidə böyük futbolun ənənəsi var. Bu rayonun komandası Azərbaycan çempionatında çıxış edib, ölkəmizi avrokuboklarda təmsil edib. İmişlidə futbol ictimaiyyətinin geniş spektri var. Üstəlik, bu rayonda infrastruktur da mövcuddur”.
Süleymanov bildirib ki, məqsədləri Azərbaycanın bütün bölgələrində görüşlər keçirməkdir:
“Məramımız təşkilatın ideya və prinsipləri ilə bağlı bütün futbol ictimaiyyətini məlumatlandırmaqdır. Buna görə də, Azərbaycanın futbol ənənəsi olan bütün bölgələrinə səfər edəcəyik. Bizim üçün hər bir futbol veteranının, futbol ictimaiyyətinin hər bir nümayəndəsinin fikri önəmlidir. Bu görüşlərdə onların təkliflərini dinləyir, problemlərini öyrənirik. Heç şübhə olmasın ki, təşkilatın fəaliyyətində bu təkliflər mütləq nəzərə alınacaq. Bu baxımdan yanaşsaq, İmişli rayonunda da futbol ictimaiyyətinin nümayəndələri ilə olduqca səmərəli görüş keçdi. İmişlidə futbol təsərrüfatının durumunu öyrəndik, inkişaf perspektivlərinə bələd olduq, futbol ictimaiyyətinin təkliflərini dinlədik, problemləri ilə tanış olduq. Belə görüşlərin təşkilatın formalaşmasında və gələcəkdə iş keyfiyyətinin artırılmasında böyük əhəmiyyəti var”.
Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin əvvəlki görüşləri Gəncə, Masallı və Buzovnada olmuşdu.
Bizi Facebook-da izləyin