Azərbaycanın 4 boksçusu Millətlər Kubokuna qələbə ilə başladı
Azərbaycan boksçuları Serbiyanın Vrbas şəhərində yeniyetmələr arasında keçirilən Millətlər Kubokunda mübarizəyə başlayıb.
Komanda.az xəbər verir ki, 6-cı dəfə təşkil olunan yarışın ilk günündə milli komandanın 6 üzvü rinqə çıxıb.
46 kq çəki dərəcəsində qüvvəsini sınayan Bilal Nəzərov 1/4 finalda serbiyalı Nikola Maksimoviçlə qarşılaşıb. O, rəqibinə 5:0 (30:26, 29:26, 30:27, 30:27, 30:25) hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Artıq özü üçün bürünc medalı təmin edən Nəzərov ikinci qarşılaşmada çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gələcək.
54 kq-da Məhəmmədəli Aşırəliyevin də debütü uğurlu alınıb. Boksçu 1/8 finalda italiyalı Simon Qloriosodan güclü olub – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27). Aşırəliyev növbəti döyüşündə rumıniyalı Dani Qriqorini sınağa çəkəcək.
57 kq-da yer alan Məhəmmədəli Qasımzadə də 1/8 finalda italiyalı boksçu ilə gücünü yoxlayıb. O, Tisiano Alkiatini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:26) hesabı ilə məğlub edib. Qasımzadə 1/4 finalda macarıstanlı Frank Daniellə münasibətinə aydınlıq gətirəcək.
63 kq-da çıxış edən Məhəmməd Quliyev startda bolqarıstanlı Asen Asenovla görüşüb. 1/8 finala təsadüf edən gərgin döyüş Azərbaycan təmsilçisinin 3:2 (30:27, 27:30, 29:28, 29:28, 28:29) hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qazaxıstan idmançısı Oner Seyilxanla qüvvəsini sınayacaq.
Digər boksçulardan – 66 kq-da Ziya Həsənov italiyalı Françesko Savaresə, 70 kq-da Ayxan Əliyev isə rumıniyalı Radu Simyona uduzub.
Qeyd edək ki, yığma yarışa 9 boksçu ilə yollanıb. Millətlər kubokunda qaliblərin adları avqustun 14-də bəlli olacaq.
Bizi Facebook-da izləyin