Azərbaycanın daha iki boksçusu 1/4 finalda
Belarusun paytaxtı Minskdə keçirilən 2-ci Avropa Oyunlarında boks yarışları üzrə 1/8 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, iyunun 25-də “Uruçye Arena”da rinqə öncə 60 kq çəki dərəcəsində mübarizə aparan kişi boksçular çıxıb.
Azərbaycan yığmasının heyətində Cavid Çələbiyev də növbəti döyüşünü keçirib. O, Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşıb. 5:0 hesablı qələbə qazanan təmsilçimiz 1/4 finala yüksəlib. Dünya çempionumuz 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. Boksçumuz Cordan Rodrigesi (Fransa) məğlub edən Otar Eranosyanla (Gürcüstan) üz-üzə gələcək.
81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominqes də 1/8 final mərhələsini qələbə ilə başa vurub. O, ikinci döyüşündə belaruslu Mixail Dauhalyavetslə üz-üzə gəlib. 5:0 hesabı ilə qalib gələn təmsilçimiz növbəti mərhələyə yüksəlib. O, 1/4 finalda çexiyalı İrji Muzikə qalib gələn belçikalı Ziad El Mohurla üz-üzə gələcək. Bu görüş də iyunun 26-da baş tutacaq.
Avropa Oyunlarının boks yarışlarında 1/4 final mərhələsinə də start verilib. Azərbaycan yığmasının mübarizəni davam etdirən dörd boksçusundan ilk olaraq Rüfət Hüseynov rinqə çıxıb. 49 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz italiyalı Federiko Serra ilə qarşılaşıb. “Uruçye Arena”dakı görüş italiyalının qələbəsi ilə nəticələnib.
Bizi Facebook-da izləyin