Azərbaycanın daha dörd boksçusu 1/8 finalda
Belarusun paytaxtı Minsk şəhərində təşkil olunmuş ikinci Avropa Oyunlarında boks yarışları davam edir.
Komanda.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycan boksçularından daha dördü mübarizəyə qoşulub. Onların hamısı görüşlərini qələbəylə başa vurub.
Lorenzo Sotomayor Ermənistandan olan rəqibini üstələyib. 69 kq çəkidə çıxış edən Kuba əsilli döyüşçü 1/16 finalda Qurqen Madoyanı 5:0 hesabı ilə məğlub edib. Sotomayor 1/8 finalda Adem Fetahoviçlə (Bosniya və Herseqovina) qarşılaşacaq.
75 kq çəki dərəcəsində çıxış edən Kamran Şahsuvarlı 1/16 final mərhələsindəki rəqibi Giorgi Harabadzeyə (Gürcüstan) 4:1 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib. O, növbəti mərhələdə Mark Dikinsona (Böyük Britaniya) 3:2 hesabı ilə qalib gələn Maykl Nevin (İrlandiya) ilə üz-üzə gələcək.
Cavid Çələbiyev (60 kq) 1/16 finalda Bosniya və Herseqovina təmsilçisi Nikola İvkoviçə 5:0 hesabı ilə qalib gəlib. Dünya çempionumuzun 1/8 finaldakı rəqibi Roland Qaloşa (Macarıstan) 4:1 hesabı ilə qalib gələn Dorin Buska (Moldova) olub. Çələbiyev növbəti döyüşünü iyunun 25-də keçirəcək.
81 kq çəki dərəcəsində çıxış edən Alfonso Dominges 1/16 finalda Stepan Qrekula (Ukrayna) 3:0 hesabı ilə qalib gəlib. Onun 1/8 finalda rəqibi Belarus təmsilçisi Mixail Dovqalivets olacaq. Bu qarşılaşma iyunun 25-də baş tutacaq.
Daha öncə Azərbaycan boksçularından Tayfur Əliyev də (56 kq) 1/8 finala yüksəlmişdi.
Bizi Facebook-da izləyin