Azərbaycanın daha 6 güləşçisi Zaqrebdə mübarizə aparıb

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən “Zagreb Open” reytinq turnirində daha 6 güləşçimiz mübarizə aparıb.

Komanda.az xəbər verir ki, qadın güləşində 59 kq-da iki təmsilçimiz xalçaya çıxıb.

Alyona Kolesnik A qrupunda macarıstanlı Erika Boqnar (5:2) və amerikalı Mikaela Bekə (tuş), Günay Qurbanova isə B qrupunda amerikalı Sofiya Makaluso (tuş) və moldovalı Mariana Çerdivaraya (8:2) qalib gəlib. Hər iki güləşçimiz qrup lideri kimi yarımfinala yüksəlib. Kolesnik Çerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabıyla məğlub edərək finala yüksəlib. Milli üzvləri həlledici görüşdə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən finalda daha əzmkar güləş nümayiş etdirən Günay 4:2 hesablı qələbə qazanıb.

Murad Məmmədov (63 kq) ilk mərhələdə özbəkistanlı Aytjan Xalmaxanova 5:14 hesabıyla uduzub. Onunla eyni çəkidə yer alan Ziya Babaşov belaruslu Qleb Makarankaya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlsə də, rusiyalı Dinislam Bammatova məğlub olub – 0:8. Ziya amerikalı Ellis Kolmanla görüşdə son saniyələrdə təşəbbüsü əldən verərək bürünc medal əldə etmək şansını itirib – 3:5.

Olimpiya Oyunlarından sonra ilk yarışına çıxan Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində norveçli Morten Toreseni mübarizədən kənarlaşdırıb – 5:1. Həsrət moldovalı Valentin Petiçlə görüşdə 7:0 öndə olarkən qulağından ciddi zədə alıb və yarışı tərk etmək məcburiyyətində qalıb. Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov debütdə serbiyalı dünya çempionu Sebastyan Nada sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button