
Azərbaycanın 2-ci Liqasında 12 komanda iştirak edəcək
Azərbaycanın 2-ci Liqasında 12 komanda iştirak edəcək.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
“Qusar” komandası rəsmi müraciətə və dəfələrlə olan xatırlatmalara baxmayaraq, 2025/26-cı il futbol mövsümündə iştirakını təsdiqləmədiyinə görə, eyni zamanda, 2-ci Liqanın 2024-2025-ci illər mövsümündə komandanın oyunlarında dəfələrlə təkrarlanmış neqativ hallar (sistematik şəkildə Əsasnamə tələblərinin pozulması) nəzərə alınaraq, idman prinsipləri rəhbər tutularaq bu komandanı 2-ci Liqada ötən il Region Liqasında 3-cü yeri tutmuş “Ağstafa Gəncləri” komandası əvəzləyəcək.
Peşəkar Futbol Liqası AFFA ilə məsləhətləşmələrdən sonra Region Liqasının potensialını, eləcə də komandaların 2-ci Liqaya marağını nəzərə alaraq, turnirin formatında dəyişiklik edib. Belə ki, 2025/26 mövsümündə 2-ci Liqada yarışın qalibi birbaşa 1-ci Liqaya yüksələcək, 2-ci yerin sahibi isə 1-ci Liqada 9-cu yeri tutmuş komanda ilə 1 oyundan ibarət pley-off oyununda üz-üzə gələcək. Region Liqasından isə 2-ci Liqaya 3 komandanın yüksəlmək şansı olacaq. Belə ki, Region Liqasında 1-ci yerin sahibi birbaşa 2-ci Liqaya vəsiqə qazanacaq, 2-ci və 3-cü yerlərin sahibləri müvafiq olaraq, 2-ci Liqada 11-ci və 10-cu yerləri tutmuş komandalarla 1 oyundan ibarət pley-off oyunu keçirəcəklər.
2025-2026-cı illər mövsümü 2-ci Liqada turnir 27 turdan ibarət olacaq. Komandalar ilkin olaraq 2 dövrədən ibarət 22 turda, daha sonra 5 turdan ibarət altılıq sistemində yarışacaqlar.
Məlumat üçün bildirək ki, 2-ci Liqa üçün nəzərdə tutulmuş maliyyə 12 klub arasında bərabər bölünəcək.
2-ci Liqada 2025-2026-cı illər mövsümü 6 sentyabr tarixində başlayacaq.
Bizi Facebook-da izləyin


