Azərbaycanın 2 boksçusu Mərakeşdəki turnirdə yarımfinala yüksəlib
Azərbaycanın 2 boksçusu Mərakeşdə “Qızıl kəmər” seriyası çərçivəsində keçirilən turnirdə yarımfinala adını yazdırıb.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, 67 kq-da Nəbi İsgəndərov və 71 kq-da Sərxan Əliyev ən güclü 4 boksçu arasına düşməklə “bürünc”ü təmin ediblər.
İsgəndərov Atomani Baroufun (Komor adaları) ardınca 1/4 finalda Selbi Dlamini Tabisonu (Esvatini) məğlub edib. Avropa çempionatının mükafatçısı yenə 5:0 (30:26, 30:27, 30:25, 30:26, 29:28) hesablı qələbə sayəsində mərhələ adlayıb. O, yarımfinalda Abdulhakim Akramla (Seyşel adaları) münasibətinə aydınlıq gətirəcək.
Əliyev Sarohatua Lumbantobinqin (İndoneziya) ardınca Alimami Kristian Toması (Sierra Leone) da məğlub edib – 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:26). Dünya çempionatının bürünc medalçısı finala vəsiqə uğrunda Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə qüvvəsini sınayacaq.
Digər boksçulardan Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovla (Rusiya), Məhəmməd Abdullayev (+92 kq) Dieqo Lensi (İtaliya) ilə qarşılaşıb. Rəqiblər mərhələ adladığından Azərbaycan təmsilçiləri 5-ci yeri tutublar. Bu mövqe onların hərəsinə 400 reytinq xalı qazandırıb.
Yarışın 5-ci günündə 1/4 final mərhələsində yığmanın daha 3 üzvü rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Duqlas Trindadeni (Braziliya), Ümid Rüstəmov (57 kq) Jan Kaysedonu (Ekvador) və Malik Həsənov (63,5 kq) Qabil Məmmədovu (Rusiya) sınağa çəkəcək.
Bizi Facebook-da izləyin