Azərbaycan klublarının avrokubok hazırlığı: “Neftçi” tələsir, “Qarabağ” hücumçu axtarır
Azərbaycanı yeni mövsümdə avrokuboklarda “Neftçi”, “Qarabağ”, “Keşlə” və “Sumqayıt” təmsil edəcək.
Komanda.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının son qalibi “Neftçi” mübarizəyə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindən başlayacaq. Digər üç komanda isə yeni yaradılan Konfrans Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
“Neftçi”
Komandalardan avrokubok oyununa ən az vaxt qalan “Neftçi”dir. “Neftçilər” hazırda təlim-məşq toplanışını Sloveniyada davam etdirir. “Ağ-qaralar” yeni mövsümə hazırlıq çərçivəsində buna qədər iki yoxlama oyunu keçirib. Sloveniyanın “Olimpiya” komandası ilə qollu bərabərə qalan (1:1) “Neftçi” digər matçda sözügedən ölkənin “Domjale” komandasına uduzub – 1:2. Paytaxt təmsilçisi son yoxlama matçını sabah Moskva “Spartak”ına qarşı keçirəcək.
“Neftçi” buna qədər heyətinə üç yeni yarımmüdafiəçi cəlb edib. “Ağ-qaralar” “Keşlə”dən Sezar Meza Kolli, Portuqaliya “Eştoril”indən Harramiz, “Sumqayıt”dan isə Xəyal Nəcəfovla müqavilə imzalayıb. Premyer Liqanın son qalibi ötən mövsümü komandanın heyətində keçirən Ahmed Ahmedov, Keysuke Honda, Bruno Teluşi, Səlahət Ağayev, Anton Krivotsyuk, Rener Alves və Stiven Monrozla yollarını ayırıb.
Yay transfer pəncərəsi dövründə hücumçular Stiven Monroz və Ahmed Ahmedovla yollarını ayıran “Neftçi”nin bu mövqe üçün oyunçuya ehtiyacı var. Belə ki, hazırda komandanın baş məşqçisi Samir Abasovun sərəncamında mərkəz hücumçusu kimi yalnız Mirabdulla Abbasov var.
“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Gürcüstanda “Dinamo” (Tbilisi) ilə qarşılaşacaq. “Ağ-qaralar” bu mərhələni adlasa, ikinci turda Yunanıstan çempionu “Olimpiakos”la görüşəcək.
“Qarabağ”
Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Qarabağ” hazırda hazırlıqlarını Bakıda davam etdirir. Ağdam təmsilçisi toplanışın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq və burda Bolqarıstanın ÇSKA və Rusiyanın “Arsenal” komandaları ilə qarşılaşacaq.
Bakıda ilk yoxlama oyununda “Keşlə”ni 7:0 hesabıyla darmadağın edən “köhlən atlar” buna qədər heyətinə sadəcə bir futbolçu cəlb edib. “Qarabağ” son olaraq Portuqaliyanın “Vilafranquens” klubunda çıxış edən yarımmüdafiəçi Kadi Borqesi transfer edib.
Yay transfer pəncərəsi dövründə “Qarabağ”ı iki futbolçu tərk edib. Klubla müqaviləsi bitən hücumçu Mahir Emreli Polşanın “Legiya” komandasına keçib. Daha bir hücumçu – Kvabena Ovusu isə Türkiyənin “Ankaragücü” klubuna icarəyə verilib. Qurban Qurbanov mətbuata açıqlamasında, hücum xətti üçün futbolçu axtarışında olduqlarını bildirib. Qurbanovun sərəncamında hazırda hücumun mərkəzi üçün oğlu Musa Qurbanlı var.
“Qarabağ” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aşdod”la (İsrail) qarşılaşacaq. İlk oyun iyulun 22-də Bakıda keçiriləcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.
“Keşlə”
“Keşlə” yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirir. Komandanın yeni mövsümə hazırlığı ölkə daxilində olacaq. Buna səbəb klubun büdcəsinin azaldılması və ölkə xaricində toplanış keçmək üçün yetərli maliyyənin olmamasıdır. “Keşlə” Bakıdakı ilk yoxlama matçında “Qarabağ”la qarşılaşıb və darmadağın olub – 0:7.
“Keşlə” müqaviləsi bitən 12 futbolçusu ilə “nikah təzələyib”. Bakı təmsilçisi bundan başqa, “Səbail”dən ayrılan Amil Yunanovla, “Neftçi”dən yarımmüdafiəçilər Rəhman Hacıyevlə Turan Vəlizadə, “Qəbələ”dən ayrılan yarımmüdafiəçi Merab Qiqauri və Şimali Makedoniyanın “Pelister” klubundan portuqaliyalı hücumçu Aldair Sapalo Amaro Neto ilə seneqallı vinger Omar Qudiabi ilə müqavilə bağlayıb. Komandanın ötən mövsümdə ölkə kubokunu qazanmasında böyük pay sahiblərindən olan Sezar Meza Kolli “Neftçi”yə keçib. Digər cinah yarımmüdafiəçisi Vüsal İsgəndərli isə Türkiyənin “Keçiörengücü” komandasına üz tutub. Bundan başqa, gənc hücumçu Xəzər Mahmudov da klubu tərk edib.
“Keşlə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Rusiyanın “Soçi” komandası ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun iyulun 22-də səfərdə, cavab matçı isə 29-da Bakıda olacaq. “Keşlə”nin güclü rəqibinə qarşı bu heyətlə hansı nəticə əldə edəcəyi maraqla gözlənilir.
“Sumqayıt”
Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan biri də “Sumqayıt”dır. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda ötən mövsümü Premyer Liqada 3-cü sırada bitirib və Konfrans Liqasına vəsiqə qazanıb. “Kimyaçılar” burda Serbiyanın “Çukariçki” komandası ilə qarşılaşacaq.
“Sumqayıt” hazırlıqlarını Sumqayıtda davam etdirir. Komanda toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq və burda bir sıra yoxlama oyunları keçirəcək (rəqiblər hələ məlum deyil). “Sumqayıt” yay transfer pəncərəsi dövrünün fəal klublarındandır. Əsasən daxili transferə diqqət yetirən “kimyaçılar”da müqaviləsi bitən baş məşqçi Ayxan Abbasov və əsas heyətin 9 futbolçusu ilə yeni sözləşmə imzalanıb. “Sumqayıt”dan ayrılanlar isə yarımmüdafiəçillər Cavid İmamverdiyev, Xəyal Nəcəfov, qapıçı Mehdi Cənnətov, hücumçu Mehdi Şərifi olub. “Sumqayıt” “Qəbələ”dən ayrılan qapıçı Tərlan Əhmədlini, müdafiəçi Yusif Nəbiyevlə yarımmüdafiəçi Roman Hüseynovu, “Keşlə”dən ayrılan hücumçu Xəzər Mahmudovu heyətinə qatıb.
“Sumqayıt” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” komandası ilə qarşılaşacaq. “Kimyaçılar” tərcübəli rəqibi qarşısında favorit sayılmır. Qarşılaşmalar iyulun 21-də Serbiyada və 29-da Sumqayıtda olacaq.
Bizi Facebook-da izləyin