Mikels qardaşının Premyer Liqada ən yaxşılardan olduğunu düşünür – MÜSAHİBƏ

“Sabah”ın almaniyalı hücumçusu Coy-Lens Mikelsin Komanda.az saytına müsahibəsi:

Əvvəlcə mövsümün geridə qalan iki dövrəsini dəyərləndirərdin. Nəticələriniz səni qane edir?

– Əlbəttə, hazırda qərarlaşdığımız mövqe bizi razı sala bilməz. Biz avrokubokları hədəfləmişik, bunun üçün mübarizə aparırıq.

Bəs, avrokuboklara vəsiqə əldə edə biləcəksiz?

– Hazırda çempionatda avrokuboka vəsiqə verən yerlər uğrunda gərgin mübarizə gedir. Biz də bu mübarizənin içindəyik. Orda olmağı çox istərdim. İnanıram ki, buna nail ola biləcəyik.

Artıq neçə müddətdir ki, Azərbaycan Premyer Liqasında çıxış edirsən. Bizim çempionatla bağlı təəssüratların necədir?

– Azərbaycan Premyer Liqasında rəqabət yüksək səviyyədədir. Burada olmaqdan şadam.

Almaniya və Niderland çempionatlarında oynamısan. Onlarla bizim çempionat arasında nə kimi fərqlər görürsən?

– Fərq çoxdur. Almaniya və Niderland liqaları daha sürətlidir. Burada isə daha çox topu qəbul etdikdən sonra bir qədər dayanıb, qərar verilir.

Baş məşqçiniz Vasili Berezutskinin əvvəlki çalışdırıcılardan əsas fərqi nədir? Onun komandadan oyun planında əsas tələbi nədir?

– Məşqçiləri müqayisə etmək istəməzdim. Hər məşqçinin özünəməxsus xüsusiyyətləri olur. Vasili Berezutski yaxşı məşqçi və yaxşı insandır. O, futbolçularla ünsiyyət qurmağı yaxşı bacarır. İnanıram ki, onunla birlikdə “Sabah”da uğurlu nəticələr əldə edəcəyik.

“Şamaxı”da çıxış edən qardaşın Leroy Mikelsi nə vaxtsa “Sabah”da görmək istərdin?

– O, Premyer Liqanın ən yaxşı oyunçularından biridir. Amma hazırda başqa klubda oynayır. Əlbəttə, nə vaxtsa qardaşımla bir komandada oynamaq istərdim.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button