Azərbaycanda mövsümün ən yaxşıları mükafatlandırıldı
“Sports.az” saytı bir neçə nominasiya üzrə 2022/2023 futbol mövsümünün ən yaxşılarını mükafatlandırıb.
Komanda.az xəbər verir ki, mükafatlandırma mərasimindən əvvəl futbol azarkeşi olmuş şəhid baş leytenant Səid Rəşidzadənin timsalında bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhid Səid Rəşidzadənin atası Nofəl Qasımov da təşkilatçılar tərəfindən tədbirə dəvət edilib.
Mövsümün ən yaxşı futbolçusu “Neftçi”nin kapitanı Emin Mahmudov seçilib. 31 yaşlı yarımmüdafiəçi səsvermə zamanı “Qarabağ”ın hücumçusu Ramil Şeydayev və “Sabah”ın ukraynalı legioneri Aleksey Kaşuku cüzi fərqlə qabaqlayıb.
“Qarabağ”a növbəti dəfə Premyer Liqa çempionluğunu qazandıran Qurban Qurbanov ən yaxşı baş məşqçi nominasiyasının qalibi olub. Sorğuda iştirak edənlər yalnız bu nominasiyada yekdilliklə eyni namizədə səs veriblər.
“Sabah”ın və Azərbaycan millisinin gənc üzvü Yusif İmanov ən yaxşı qapıçı seçilib. Mövsümü 21 qolla tamamlayan “Qarabağ”ın hücumçusu Musa Qurbanlı isə ən yaxşı gənc futbolçu mükafatına yiyələnib.
Bundan başqa, FİFA referisi Əliyar Ağayev ən yaxşı hakim, “Qarabağ”ın direktoru Emrah Çelikel isə ən yaxşı klub funksioneri seçiliblər.
Həmçinin, iş adamı Ehtiram Quliyev bölgə futbolunun inkişafındakı xidmətlərinə, “Sabah” klubunun rəsmisi İqor Ponomaryov uşaq futbolunun inkişafındakı roluna görə təltif ediliblər.
Mövsümün ən böyük tərəqqiyə nail olmuş klubu isə Premyer Liqaya vəsiqə qazanan “Araz-Naxçıvan” seçilib.
Bizi Facebook-da izləyin