
Azərbaycanda işləmiş baş məşqçi Türkiyə klubundan ayrılıb
Türkiyənin “Serik Bələdiyəspor” klubu baş məşqçi Sergey Yuranla müqaviləyə xitam verib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
56 yaşlı mütəxəssis iyulun 1-də komandanın “sükanı arxasına” gətirilmişdi. Müqavilə bir mövsümlük nəzərdə tutulmuşdu. Hazırda Türkiyə birinci liqasında çıxış edən “Serik Bələdiyəspor” 13 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.
Yuran Türkiyəyə gəlməzdən əvvəl Rusiyanın “Pari Nijniy Novqorod” klubunda çalışırdı və 2024-cü ilin aprelində oradan ayrılmışdı. O, karyerası ərzində Moskva “Spartak”ının məşqçilər heyətində yer alıb, həmçinin, “Almaz”, “Dinamо” (Stavropol), “Şinnik”, “Baltika”, “Ximki”, “SKA-Xabarovsk”, “Sibir”, “Zorkiy”, eləcə də “Lokomotiv” (Qazaxıstan), “Simurq” (Azərbaycan), “Mika” (Ermənistan), “Ditton” (Latviya) və TFMK (Estoniya) kimi komandaları idarə edib.
İyunda klubun sahibi dəyişmiş və yeni investor – “Ximki”nin keçmiş maliyyəçisi Tufan Sadıqov “Serik Bələdiyəspor”u almışdı. Komandanın heyətində hazırda bir neçə rusiyalı futbolçu – Kirill Qotsuk, Dmitri Tixiy və İlya Berkovski çıxış edir.
Bundan əvvəl, oktyabrın 24-də bildirilirdi ki, klubun oyunçuları 8 həftədir maaş ala bilmədikləri üçün məşqlərə çıxmaqdan imtina ediblər. Futbolçular noyabra qədər ödənişlərin edilməsini gözləyəcəklər, əks halda, müqavilələrini birtərəfli qaydada pozmağı planlaşdırırlar.
Bizi Facebook-da izləyin



